Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən Rusiya sülhməramlılarına daxil olan 15-ci motoatıcı briqadanın (90600 saylı hərbi hissə, Samara şəhəri) iki snayperi Ukrayna ordusuna əsir düşüb.
Bu haqda hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. Ekspertin sözlərinə görə, bu, ilk deyil: “Bu ilin mart ayında eyni hərbi hissənin qumbaraatanı Artyom Aleksandroviç Qlavatski Ukrayna tərəfinə təslim olub. Təqdim olunan fotodakı əsgər Artyomdur. Rusiya rəsmiləri isə Qarabağdan sülhməramlıların çıxarılmadığını iddia edirdilər”.
Rusiyanın Qarabağdan Ukraynaya hərbçi apardığı təsdiqlənirsə, bunun niyə baş verdiyini necə anlamaq olar?
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bir müddət sonra Qarabağdakı rus sülhməramlılarının bir maşın karvanı ilə xidmət etdikləri ərazini tərk etmələri ilə bağlı görüntülər yayıldı: “Müxtəlif fikirlər səsləndi. Əsasən deyildi ki, Rusiya bu elitar qüvvələrdən Ukraynadakı müharibədə istifadə edəcək. Bu bir neçə səbəbdən ola bilər. Dünya mediası yazır ki, Rusiyanın elitar hərbi hissələri bu müharibədə xeyli itki verib. Buna görə də Rusiya Qarabağ və Suriyadakı hərbi hissələrinin böyük qismini Ukrayna ilə müharibəyə cəlb edib. Çünki bu yerlərdə olan hərbçilər daha hazırlıqlı olurlar. Digər vetsiya isə budur ki, yerdəyişmə edilib. Çünki hərbidə hər 3 və ya 6 aydan bir yerdəyişmələr olur. Rusiya düşünə bilər ki, Qarabağdakı peşəkarları qaynar nöqtəyə cəlb etməklə onları daha gənc əsgərlərlə əvəzləmək daha məqsədəuyğundur. Ancaq bunu heç də “Rusiyanın ordusu tam sıradan çıxıb” kimi fikirlərlə izah etmək olmaz. Rusiya ordusunun sayı dünyada ön yerlərdən birini tutur. Rusiya heç bu müharibədə səfərbərlik etməyə zərurət görməyib. Bunun üçün xeyli sayda resursu da var. Ordunun hazırlığı, əsgərin döyüş ruhu ilə bağlı problemlər mövcuddur. Bu addımı daha çox rotasiya amili ilə izah edə bilərik.
Bütün hallarda, sülhməramlıların addımları Azərbaycan Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır. Çünki onlar öz xidmətlərini bizə məxsus ərazidə aparırlar. Rusiya sülhməramlıları ilə bağlı birmənalı fikir yoxdur. Onlar üçtərəfli bəyannamənin şərtlərinə tam əməl etməyənə, erməni silahlılarını tam tərkislah etməyənə kimi onlara münasibət mənfi olacaq. Ukrayna müharibəsi fonunda bu, Rusiya üçün son şansdır ki, bölgədə normal sülhməramlı missiya həyata keçirdiyini sübut edə bilsin. Azərbaycan bu yöndə öz üzərinə düşən nə varsa hamısını yerinə yetirir. Bu baxımdan da, sülhməramlılar atdıqları bütün addımlarla bağlı şəffaf izahat verməlidirlər. Son hadisə baş veribsə, buna rəsmi izahat verməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ