Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər bir sıra məsələləri müzakirə ediblər.
Bütün bunlarla yanaşı, telefon danışığında iki məqam diqqəti cəlb edir. Telefon danışığı zamanı Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının rəhbərilə son görüşündən danışıb. O, görüşdən sonra səsləndirilən və müzakirələrin mahiyyətinə aidiyyəti olmayan şərhlərdən narahatlığını ifadə edib. Guya Azərbaycan tərəfi Brüssel görüşündən sonra bəzi məsələləri yanlış təqdim edib. Digər tərəfdən, Ermənistanın baş naziri və Rusiya prezidentinin 19 aprel tarixli birgə bəyanatının müddəalarına uyğun olaraq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin, xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallaşması imkanlarını müzakirə ediblər.
Burada maraq doğuran odur ki, Azərbaycan yanlış olaraq nəyi təhrif edib. Təbii ki, burada birinci növbədə söhbət Zəngəzur dəhlizindən gedir. Ermənistan prinsipcə buna razı olsa da, görüşdən sonra mövqeyini dandı. Paşinyan Brüssel görüşündən dərhal sonra dedi ki, Azərbaycan yalan deyir, tərəflər Zəngəzur dəhlizi barədə heç bir razılaşma əldə etməyib. Üstəlik, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Zəngəzur dəhlizindən yox, “Ermənistan qovşağı” layihəsinin reallaşmasından söhbət gedə bilər. Başqa bir tərəfdən təəccüb doğuran məqam odur ki, telefon danışığında Minsk Qrupu həmsədrlər formatının yenidən aktivləşdirilməsi və Dağlıq Qarabağ tənzimlənməsi imkanları müzakirə edilib. Həqiqətən də belə müzakirələr olubsa, o zaman Rusiyanın bu ikibaşlı oyunu Azərbaycanın ziyanına gedən proseslər deməkdir.
“Ermənistan dəhliz məsələsində imitasiya siyasəti aparmaqla vaxtı uzatmağa çalışır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bununla bağlı bir sıra məsələlərə aydınlıq gətirdi: “Ermənistan dəhliz məsələsində imitasiya siyasəti aparmaqla vaxtı uzatmağa çalışır. O üzdən, razılaşmaların mahiyyətindən yayınırlar. Konkret danışmaq istəmirlər. Biz Zəngəzur dəhlizi deyirik, onlar tamam başqa bir şey uydururlar. Demək istəyirlər ki, guya başqa bir şey nəzərdə tutublar, amma Azərbaycan tərəfi fərqli bir şey təqdim edib. Bunlar kommunikasiya xətlərinin çəkilməsi ilə, dəhliz arasındakı fərqi qabatmaq istəyirlər. Belə təqdim etmək istəyirlər ki, guya onların razılaşdıqlarının əleyhinə Azərbaycan fərqli bir şey təqdim etmək istəyir. Bununla ermənilər istəyir ki, günahı bizim üstümüzə atsınlar. Guya Azərbaycan proseslərin gedişini yubadır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiya problemin həllini istəmir. Rusiya yaxşı bilir ki, Azərbaycan Minsk Qrupu formatını qəbul etməyəcək. Üstəlik, digər 2 həmsədr ümumiyyətlə Rusiya ilə bir araya gəlmək istəmir. Ancaq Rusiya prosesi uzatmaq üçün qəsdən Minsk Qrupu formatını ortaya atır. Ermənistan da bu məsələdə Rusiya ilə ortaq mövqedən çıxış edir. Bunlardan biri Zəngəzur dəhlizi məsələsidir, digəri də Minsk Qrupu və “status” məsələsi”.
Bütün bunlara rəğmən, partiya sədri hesab edir ki, heç bir tərəf Azərbaycanı nəyəsə məcbur edə bilməyəcək.
Vidadi ORDAHALLI