Növbəti erməni nazir Qarabağla bağlı mövqeyini bildirməkdən imtina etdi. Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan bəyan edib ki, onun Qarabağla bağlı mövqeyi hökumətin proqramında əksini tapıb.
Jurnalistlərlə söhbətində Pambuxçyan “Artsaxın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağına inanırsınızmı” sualına belə cavab verib: “Mənim mövqeyim hökumət proqramında təqdim olunub. Hökumət bu məsələ ilə (Qarabağ problemi) bağlı danışıqlar aparır. Düşünmürəm ki, fövqəladə hallar naziri bu danışıqlara münasibət bildirmək səlahiyyətinə malikdir. Amma sənəddə nə deyilirsə, onu hökumət proqramına uyğun olaraq mən öz şəxsi nöqteyi-nəzərim hesab edirəm”.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da "Qarabağ Azərbaycanın tərkibində olmayacaq" ifadəsinin danışıqlar prosesinə maneçilik törətdiyini vurğulayıb və onu səsləndirməyin əleyhinə çıxıb. Simonyandan əvvəl xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Artsax Azərbaycanın tərkibində olmayacaq” cümləsini tələffüz etməkdən imtina edib.
Belə görünür ki, erməni rəsmiləri get-gedə yeni reallıqların fərqindədilər.
“Bu ondan xəbər verir ki, erməni tərəfi Qarabağla bağlı yaranan reallıqları qəbul etməyə məhkumdur”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh və etimad mühitinin müzakirə olunduğu bir vaxtda qarşı tərəfdən daim təxribatçı xarakterli açıqlamalar gəlirdi: “Bütövlükdə, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün mümkünlüyündən danışsa da, ondan çox qısa bir müddət keçməmiş ölkə rəsmiləri təxribat xarakterli fikirlər səsləndirirdilər. Yaxud da Ermənistanın hansısa iqtidar komandasında təmsil olunan nümayəndəsindən Azərbaycan və Türkiyə əleyhinə fikirlər öyrənilirdi. İndiyə qədər revanşistlərin, müxalifətdə təmsil olunan “Hayastan” blokunun təmsil olunanların Azərbaycan əleyhinə təxribatçı açıqlamaları hardasa başadüşülən idi. O mənada ki, revanşistlər və separatçılar erməni xalqı içində bu tip açıqlamalarla çıxış etməklə iki ölkə münasibətlərinin yaxınlaşmasını pozmaq istəyirdilər. Ancaq Ermənistan hakimiyyət nümayəndələrinin fərqli mövqe ortaya qoyması münasibətin dəyişməsindən xəbər verir. Son günlər Ermənistan parlament sədrinin, fövqəladə hallar nazirinin, digər rəsmilərin Qarabağla bağlı mövqeyi diqqəti cəlb etməyə bilməz. Bu ondan xəbər verir ki, erməni tərəfi Qarabağla bağlı yaranan reallıqları qəbul etməyə məhkumdur. İstənilən halda, hazırkı delimitasiya ilə bağlı işçi qrupların mərhələli görüşlərlə bağlı qərarın verildiyi bir vaxtda, növbəti görüşlərin keçiriləcəyi ərəfədə qarşı tərəf ehtiyatlı davranır. Ermənistan hakimiyyətindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə ifadələrin işlədilməməsi müsbət haldır. Erməni rəsmilərin təxribatçı suallardan diplomatik formada yayınması istənilən halda pozitiv qiymətləndirilməlidir. Ancaq biz yenə də Ermənistanda hakimiyyətin müstəqil olmadığını heç vaxt unutmamalıyıq. Anlamalıyıq ki, qarşıda hələ uzun mərhələli bir proses dayanır”.
Bu baxımdan politoloq hesab edir ki, Ermənistana etibar etmək olmaz.
Vidadi ORDAHALLI