Qarabağdakı separatçı tör-töküntüsünün başçısı Araik Artunyunyan Kəlbəcər rayonunun müvəqqəti olaraq sülhməramlılarının nəzarətində olan Qozlu kəndində olub. Bu barədə erməni mətbuatına istinadən Azərbaycan mətbuatı məlumat yayıb.
Bildirilənə görə, separatçıbaşının ermənilərin “Vaquas” adlandırdıqları bu kəndə gəlməkdə məqsədi 60 nəfərlik uşaq bağçasının açılışında iştirak etmək olub (?). Yazılanlara görə, separatçıbaşı ilə yanaşı, üzdəniraq açılış tədbirində qondarma rejimin qanunsuz “elm və təhsil”, “şəhərsalma” və s. “nazir”ləri də iştirak edib.
Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə sepratçılar öz əməllərindən qalmır və yenə də açılış edirlər. Separatçıların bu davranışı nə ilə nəticələnə bilər?
“Bu baş verməsə, Araik və onun qanunsuz terrorçu dəstəsi hələ daha çox təxribat törədəcək”
Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçıların bizim ərazilərimizdə bu qədər qalması və orada qanunusz əməllərini davam etdirməsi onların Qarabağdan təmizlənməsi ilə nəticələnməlidir. “Araik Artunyunyanın qanunsuz əməllərinin çox şahidi oluruq. Bu qədər davam edə bilməz. Biz son vaxtlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə Qarabağdakı separatçı tör-töküntülərinin" fəaliyyətlərini" daha sıx-sıx izləməkdəyik. O “fəaliyyətlərin” içində müxtəlif adlar altında qanunsuz inşaat işlərinin aparılması, sözdə infrastruktur layihələrinin həyata keçirilməsi və sair məsələlər yer alır. Bildiyiniz kimi, hazırda bu kimi qanundan kənar işlərin həyata keçirilməsində “Hayastan” adlandırılan fond xüsusi canfəşanlıq edir, bu fond müxtəlif ianələr vasitəsilə Qarabağın hələ də separatçılar qaldığı hissəsində belə işlər görür. Eyni zamanda unutmamalıyıq ki, həftənin çərşənbə axşamı günü Nikol Paşinyan parlamentdə çıxışı zamanı bir neçə milyon həcmində vəsaitin separatçılara ayrılması ilə bağlı məlumat verib. Ümumiyyətlə, bütün bu proseslər onu göstərir ki, Ermənistanın istər müxalifətində, istərsə də iqtidarında revanşist hisslərdə qalanlar kifayət qədərdir və onlar müxtəlif yollarla Qarabağdakı separatçı-quldur dəstəsinə maliyyə və sair dəstəklər göstərirlər”.
R.Rəsulovun sözlərinə görə, təəssüf ki, biz burada yenə də 2020-ci ildə imzalanan üçtərəfli noyabr bəyanatının pozulduğunu görürük. “Hesab edirəm ki, biz həmin bəyanatın 4-cü bəndinə geri dönməliyik. O bənddə Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin qalmaması, eləcə də separatçı meyllərə aid hər hansı bir fəaliyyətin aparılmaması haqda açıq-aydın yazılıb. Rusiya sülhməramlılarının bu məsələlərdə etinasız davranışları, üstəlik orada müxtəlif qanunsuz inşaat işlərinin gedişi əsas verir ki, bütövlükdə erməni tərəfi, yəni istər Ermənistandakı iqtidarlı-müxalifəti siyasilər olsun, istərsə də Qarabağdakı separatçılar olsun, xoşluqla qəbul olunan bəndlərə riayət etməyəcəklər. Onlar nə qədər ki, xoşluqla bu ziyanlı davranışlardan əl çəkməyəcəklər, Azərbaycan antiterror əməliyyatı keçirməlidir. Çünki bu məsələlərin qarşısının alınmasının yeganə yolu separatçılar olan bölgədə antiterror əməliyyatları keçirib separatçıları oradan çıxarmaqdır. Bunun başqa çıxış yolu görünmür. Bu baş verməsə, Araik və onun qanunsuz terrorçu dəstəsi hələ daha çox təxribat törədəcək. Bəli, Bakı səbrlə davranır və rəsmən də bəyan edir ki, bu işlərə son qoyulsun. Lakin göründüyü kimi, qarşı tərəf bu tələblərə, bu şərtlərə əməl etməkdən müxtəlif vasitələrlə boyun qaçırır. Bu da, təbii ki, regionda sülhün, sabitliyin bərqərar olmasına maneələr törədir. Düşünürəm ki, bu kimi olayların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Əks halda erməni tərəfi, separatçılar, quldurların ayaqları yer alacaq. Onlar daha həyasız davranışlara yol verəcəklər. Araiklə bağlı da çox ciddi tədbir görülməlidir. Rusiya sülhməramlıları məsuliyyətlərini dərk etmirlərsə yollarını seçməlidirlər. Belə olmaz. Onlar orada qaldıqca separatçılar da əl-qol açır və qanunsuzluqlar edir. Təbii, separatçılar sülhməramlılara güvənib belə edirlər” - deyə R.Rəsulov qeyd etdi.
İradə SARIYEVA