Qarabağdakı baş separatçı Araik Arutyunyan erməni mediasına geniş müsahibə verib. O, rəsmi İrəvanı onlara ayrılan vəsaiti verməməkdə ittiham edərək qeyd edib ki, hazırda bir çox çətinliklərlə üz-üzədirlər:
“Ciddi problemlərlə üz-üzəyik. Bu problemləri həll etmək üçün beynəlxalq təşkilatlar və rəsmi İrəvan bizə dəstək olmalıdır. Əgər bu problemlərin həllini istəyiriksə tezliklə bizə lazım olan maliyyə vəsaiti ilə təmin olunmalıyıq. Amma görünən odur ki, kimlərsə bizim vəsaitlə təmin olunmağımıza maneəçilik törədir. Bizə ayrılan vəsait bizə çatdırılmır. 2022-ci ildə bizə verilməli olan vəsaitin böyük hissəsi bizə çatmayıb. Biz yeni quruculuq işlərini həyata keçirə bilmirik. Məhz bu səbəbdən elektrik enerjisi, həmçinin əhalinin su ilə təmin edilməsində problemlərlə üzləşirik. Həmçinin bir çox yaşayış məntəqələrinin təmiri və bərpası bizim üçün prioritet məsələdir. Lakin biz bunları həyata keçirdə bilmirik. Əgər yaxın zamanda bizi vəsaitlə təmin etməsələr, biz başqa mənbələrdən bu vəsaiti əldə etmək üçün hərəkətə keçəcəyik”.
Belə görünür ki, Qarabağdakı separatçılar ciddi maliyyə sıxıntısı ilə üzləşiblər. Açıqlamada diqqət çəkən məqam odur ki, Arutyunyan “yaxın zamanda bizi vəsaitlə təmin etməsələr biz başqa mənbələrdən bu vəsaiti əldə etmək üçün hərəkətə keçəcəyik” eyhamını vurur. Maraqlıdır, mümkündürmü ki, Araik Ermənistanın belə münasibəti çərçivəsində köməyi Azərbaycandan istəsin?
“Hansısa məqamda Azərbaycandan vəsait istəyə bilərlər, amma indiki məqamda bu mümkün görünmür”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, prinsipcə, mümkün olmayan heç nə yoxdur: “Hansısa məqamda Azərbaycandan vəsait istəyə bilərlər, amma indiki məqamda bu mümkün görünmür. Ən azından separatçıların mövqeyi ortadadır. Onlar bütün vasitələrlə çalışırlar ki, Qarabağdakı erməni əhalisi Azərbsaycanla inteqrasiyaya meyillənməsin. Araik üstüörtülü Paşinyanı Rusiya ilə təhdid edir. Şantaj edir ki, vəsait ayırmasalar, Rusiyadakı müəyyən dairələrlə təmasları intensivləşdirəcəklər. Bir sözlə, pulu Rusiyadan istəyəcəklərinə işarə edir. Topu Kremlə atır. Zatən Araikin Rusiya ilə gizli təmasları kiməsə sirr deyil. O daha çox Moskvadakı dairələrlə hesablaşır. Üstəlik, Nikol Paşinyanın sərgilədiyi mövqe Qarabağ separatçılarını qane etmir. Zaman-zaman tərəflər arasında gizli ziddiyətlər yaşanır. Araik görür ki, getdikcə dairə daralır. Avropa İttifaqı, ABŞ onlara dəstək vermir. Arxalandıqları Fransa da Vətən müharibəsindən sonra yaranan yeni reallıqları qəbul edir. Rusiya Türkiyə və Azərbaycanla olan münasibətlərə görə separatçılara açıq dəstək verə bilmir. Ən nəhayət, 30 il əvvəl olduğu kimi, Qarabağ məsələsini dondurmaq imkanı da məhduddur. O üzdən, ən optimal yol Azərbaycan qanunlarını qəbul etməkdən keçir”.
Partiya sədri hesab edir ki, Qarabağ erməniləri nə qədər tez bu yolu seçsələr, bu bir o qədər onların xeyrinə olacaq.
Vidadi ORDAHALLI