Qərb və ABŞ Ukraynaya ultra-müasir silahlar verir və Ukrayna ordusu bu silahlarla Rusiya ordusunun nəfəsini kəsir. Ancaq bu məsələdə xüsusi önəm daşıyan bir məqam var: Qərb Ukraynaya müdafiə silahları (yüngül silahlar) verir.
Rəsmi Kiyev Qərbdən ağır silahlar tələb edir. Ancaq Qərb və ABŞ Ukraynaya ağır silahlar verməyə tələsmir. ABŞ Prezidenti Co Bayden isə açıq şəkildə deyir ki, Amerika Ukraynaya Rusiya ərazisində ciddi dağıntılar törədə biləcək raket sistemləri vermək fikrində deyil. Söhbət 300 kilometrədək məsafədən hədəfi vura bilən raketlərdən gedir. Bu bəyanat Ukraynada və onun Qərb müttəfiqlərində məyusluq yaradıb.
Ağ Ev son həftələrdə Ukraynanın israrla istədiyi Reaktiv Yaylım Atəşi Raketləri (ingiliscə MLRS) sistemini Kiyevə verib-verməmək məsələsini götür-qoy edirdi. Moskva Ukraynaya bu silahların verilməsini “qırmızı xətt” adlandırmışdı.
Xarici hərbi ekspertlər Ağ Evin bəyanatını təhlil etməyə çalışıblar. Onların fikrincə, Co Bayden Ukraynaya MLRS sisteminin deyil, uzağa uçan raketlərin verilməyəcəyini nəzərdə tutub. Ekspertlər bildirirlər ki, Ukraynaya 50-70 kilometri vuran raketlər veriləcək.
Başqa sözlərlə, MLRS sistemi həm yaxınmənzilli, həm də uzaqmənzilli raketlərlə işləyir. Lakin bu raketlərin hamısını birləşdirən ümumi cəhət onların son dərəcə dəqiq vurmasıdır.
Ekspertlər bunu da bildirirlər ki, ABŞ prezidentinin bəyanatının dəqiq açması hələ məlum deyil, amma son həftələrdə Ağ Evin və Pentaqonun brifinqlərindən Vaşinqtonun Ukraynaya MLRS sistemi verməyə meylli olduğu başa düşülürdü. Söhbət, sadəcə olaraq, bu sistemlərdən istifadə barədə Ukrayna tərəfi ilə aparılan danışıqlardan gedirdi. Mayın 30-da daha bir vəzifəli ABŞ rəsmisi bildirib ki, Ukraynaya MLRS verilməsi məsələsi müzakirə olunur, lakin uzaqmənzilli raketlərin verilməsi istisna edilir.
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Vaşinqtonun qərarını rasional adlandırıb.
Maraqlıdır, ABŞ Ukraynaya ağır silahları verməkdən niyə çəkinir?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ hər zaman olduğu kimi, yənə də ikili oyun oynamağa çalışır: “Ola bilər ki, həmin silahları verməyəcəyini rəsmən bəyan edir, ancaq sonrakı mərhələdə orta mənzilli raketlərə Ukrayna ərazisində rast gəlinəcək. Görünən budur ki, ABŞ Ukraynada müharibənin daha da uzanmasının tərəfdarıdır. Belə olmasaydı, həmin ölkəyə lazımi səviyyədə hərbi-texniki dəstəyi verərdi. Çox vacib olan bir informasiyanı sizinlə bölüşmək istəyirəm. Ukraynadakı mülki əhali pul toplayıb, bəzi silahları xaricdən satın alırlar. Bu faktın özü Ukraynaya hansı səviyyədə hərbi dəstəyin verildiyini ortaya qoymuş olur. Məqsəd Rusiyanı daha çox Ukrayna ərazisində saxlamaqdır. Belə olan təqdirdə Rusiyanın başı qarışmış olur. Zelenskiyə Qərbin göstərdiyi təzyiq də məhz bununla bağlıdır ki, atəşkəsə dair hər-hansı razılaşmaya getməsin. Hesab edirəm ki, Zelenski Rusiyanı vuran ağır silahları əldə etməkdən daha çox, Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışmalıdır. Hətta hakimiyyətdən getmək bahasına olsa belə, bu addımı atmalıdır. Əks halda Ukraynanı daha ağır günlər gözləyir”.
Məhəmmədəli QƏRİBLİ