Rusiyanın “Kommersant” nəşri ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycana Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubuna diqqəti yönəldib.
Qeyd olunur ki, Vaşinqton və Bakı Azərbaycanın müstəqillik əldə etdikdən sonra qurduğu tərəfdaşlıq ABŞ üçün çox vacibdir: “Azərbaycanın müstəqillik əldə etməsindən arxada qalan 30 il ərzində Avropanın enerji təhlükəsizliyi, transmilli təhdidlərə qarşı mübarizə, ikitərəfli ticarət və investisiyaların inkişaf sahəsində güclü tərəfdaşlara çevrilmişik. Azərbaycanın terror və qanunsuz ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, həmçinin Ukraynaya dəstəyinizi, xüsusilə də humanitar yardımlarınızı yüksək qiymətləndiririk”.
Daha sonra qeyd edilir ki, Rusiyanın qaza görə ödənişi yalnız rublla qəbul etməsi fonunda Avropa Bakı ilə enerji sektorunda əməkdaşlığı gücləndirib. Azərbaycan rublla ödənişdən imtina edən ölkələrdən biri olub. Yeni sxem üzrə ödənişdən imtina edən Bolqarıstan da Bakıdan qaz almağı planlaşdırdığını bildirib .
Azərbaycanın rublla bağlı mövqe sərgilədiyi ilə bağlı məlumat yenidir. Maraqlıdır, doğrudanmı belə bir hal baş verib? Yəni Azərbaycanın Rusiya ilə qaz alış-verişini rublla aparmaqdan imtina etməsi faktı doğurdanmı var?
“Azərbaycan qaz ixracatçısı ola-ola Rusiyadan niyə qaz idxal etsin ki?”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov deyilənlərin reallığı əks etdirmədiyini qeyd etdi: “Əvvəla, Rusiya mediası zaman-zaman Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır. Belə görünür ki, qarşı tərəf bu “ənənəsinə” sadiqdir. Qazın rublla alınmasından imtina edilməsi ilə bağlı deyilənlər reallığı əks etdirmir. Belə bir hal olsaydı, bu, bilinərdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiyadan təbii qaz idxal etmir. Azərbaycan qaz ixracatçısı ola-ola Rusiyadan niyə qaz idxal etsin ki? Azərbaycan svop qaydada Türkmənistandan İran üzərindən qaz idxal edir. Rusiyanın Azərbaycan üzərindən svop olaraq İrana qaz ötürmək istədiyi barədə məlumatlar var. Ancaq bu ideya rəsmiləşməyib hələ. O baxımdan hesab edirəm ki, sözügedən informasiya doğru deyil. Başqa bir tərəfdən, Azərbaycan qaz ixracatçısı olsa da ölkəmiz Avropa bazarında Rusiyanın yerini doldura bilməz. Çünki Rusiya çox böyük qaz ixracatçısıdır. Rusiyanın Avropaya ixrac etdiyi qazın həcmi 400 milyard kubmetr həcmindədir. Azərbaycan isə 10 milyard kubmetrdən artıq qaz ixrac edir”.
Bu baxımdan ekspert hesab edir ki, bir sıra məsələlərə realist yanaşmaq lazımdır.
Vidadi ORDAHALLI