“Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib”. Bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, postmünaqişə dövründə də biz gündəliyi diqtə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq: “Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki, nail oluruq. Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu çox vacib idi, çünki başqa cür də ola bilərdi. Bu bizim çox böyük siyasi uğurumuzdur. İkincisi, bizim gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, ilyarım imtina etdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişlər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyur. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var”.
Maraqlıdır, prezident yeni reallıqlarla bağlı “başqa cür də ola bilərdi” deyərkən nəyə işarə etdi?
“Beynəlxalq birliyin Azərbaycanın mövqeyini qəbul etməsi, həm də geosiyasi reallıqlardan irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “İkinci Qarabağ müharibəsində Azərbaycan təkcə hərbi qələbə deyil, bunun diplomatik qələbəsini də əldə etdi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq demək olar ki, diplomatik danışıqları da Azərbaycan özü müəyyən edir. Hazırkı situasiyada beynəlxalq birliyin Azərbaycanın mövqeyini qəbul etməsi, həm də geosiyasi reallıqlardan irəli gəlir. Bundan əlavə, əgər, bir çox ölkələr bizim qələbəmizi tanımasaydılar təbii ki, ölkəmizə qarşı sanksiyalar tətbiq edilə bilərdi. Ona görə də uğur təkcə hərb sahəsində deyi, diplomatik sahədə də mütləq lazımdır. Azərbaycan iki istiqamətdə işi zərgər dəqiqliyi ilə apararaq bu gün istədiyi nəticəyə çatıb. Qeyd edim ki, beynəlxalq birliyin movqeyi də həlledicidir və onların mövqeyini Azərbaycan uzlaşdıra bildi. Bu gün Avropa İttifaqının mövqeyi, Azərbaycanın müəyyən etdiyi xəttdir. Əgər, bunun əksi olsaydı Azərbaycan çox çətin vəziyyətə düşə bilərdi. Ona görə də əldə etdiyimiz uğurlu siyasət işi bizə imkan verir ki, yeni bir reallıq yaradaq və bu artıq yaradılıb. Beynəlxalq birliklə işləmək və obyektiv olanları ortaya qoymaqla biz istədiyimiz şərtləri də diqtə edəcəyik. Bunu da beynəlxalq hüquqa əsaslanaraq edəcəyik”.
Politoloq onu da əlavə etdi ki, Azərbaycanın apardığı siyasət bu istiqamətdə çox uğurludur və bunun nəticəsində biz Cənubi Qafqazda sülhə nail olacağıq.
Vidadi ORDAHALLI