Ermənistanın ilk kosmik peyki orbitə buraxılıb. Ermənistan KİV-i xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
“2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan “Space-X” kosmik gəmisi ilə ilk kosmik peykimiz buraxılıb” - o deyib.
Bildirilir ki, raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib. Paşinyan deyib ki, bu sahədə bütün qərarlar məxfi şəkildə qəbul edilirdi. Onun sözlərinə görə, buraxılış Ermənistanın “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “SATLANTIS” şirkətinin əməkdaşlığı sayəsində mümkün olub. Baş nazir vurğulayıb ki, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək olmaz:
“Beləliklə, Ermənistan kosmik fəaliyyət dövrünə qədəm qoyur və ümid edirik ki, bu sahədə zəngin ənənələrimiz (kosmik tədqiqatlar və istehsal) bərpa olunacaq”.
Onun sözlərinə görə, hökumətin məqsədi Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılmasıdır.
Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq, onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq.
Göründüyü kimi, Nikol Paşinyan deyib ki, bu məsələni maksimum gizli saxlayıblar. Çox maraqlıdır, Ermənistanı bu layihəni gizli saxlamağa və həmin peyki buraxmağa nə vadar edib?
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan son addımları ilə bağlı özünü gülməli vəziyyətə salır: “Ermənistan kimi əhalisi az, iqtisadi cəhətdən rəzil vəziyyətdə olan bir ölkənin belə bir layihəyə imza atması olduqca təəccüblü görünür. Əslində, bununla Ermənistan bizimlə bəhsə girmək istədiyini nümayiş etdirib. Ermənistan bundan hərbi məqsədlər üçün hansı qonşusuna qarşı istifadə edəcək? Ümumiyyətlə, Ermənistan kimi ölkənin heç ordu saxlamasına ehtiyac duyulmur. Həmin ölkənin bir polisi olsa bəsdir. Onlar hansı ölkə ilə müharibə aparıb qalib gələ bilər və ya hansısa dövlət ona hücum etsə, nə ilə özünü müdafiə edəcək? Xarici ölkələrlə sərhədlərini də başqa dövlətin qoşunları qoruyur. 44 günlük müharibədə isə Ermənistan ordusunu biz tam məhv etdik. Belə layihə vasitəsilə Ermənistan özünün mövcudluğunu, güya güclü olduğunu nümayiş etdirmək istəyir. Qarabağdakı biabırçı məğlubiyyətdən sonra dünya erməni lobbisinin gözünə girmək istəyir. Onların bu peyk nəzəriyyəsi də sünidir. Çünki elmi və nəzəri əsasları yoxdur. Paşinyan layihəni gizli saxladıqlarını iddia etməklə görülən işin əhəmiyyətini bir qədər artırmaq istəyir. Yoxsa kimdir ona mane olan? Ən böyük ehtimalla, bu həm də ciddi korrupsiya layihəsidir. Bu üsulla Paşinyan özünə pul da qazana bilər. Buna görə də layihəni ciddiyə almağa dəyməz”.
Kosmik sahəni tədqiq edən bir sıra ekspertlər qeyd edirlər ki, Ermənistanın heç vaxt öz peyki olmayıb və ola da bilməz. Heç Ermənistanın peyk texnologiyaları üzrə mütəxəssisləri də yoxdur. Ermənistana hazırda stasionar orbitdə lokal koordinatlar ayrılıb. Ermənistan peyki orbitə buraxılarsa, bu koordinatlardan kənara çıxa bilməz. Hazırda belə koordinatlar üzrə Ermənistanın heç bir peyki kosmik fəzada deyil.
İnternet resurslarında 2022-ci il 25 may tarixində orbitə buraxılan peyklər siyahısında Ermənistan peyki haqqında məlumata rast gəlinmir. Yəni "SpaceX"in rəsmi səhifəsində, eləcə də yenilənən rəsmi Vikipediya səhifəsində bu haqda heç bir məlumat yoxdur.
Məhəmmədəli QƏRİBLİ