Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb. Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreitin yaydığı bəyanata görə, Makronla Şolts Putini Ukrayna prezidenti Zelenski ilə danışıq aparmağa çağırıb. Belə ki, Avropa liderləri Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb ediblər. Onlar Putini inandırmağa çalışıblar ki, bu halda onun Ukrayna lideri Vladimir Zelenski ilə birbaşa danışıqlara başlamaq imkanı olacaq.
Bu arada Almaniya kansleri bəyan edib ki, Putin Ukraynada apardığı müharibədə məğlub olacaq: “Biz sizinlə düşüncələrimiz və qəlbimizlə birlikdəyik. Putin qalib gəlməyəcək. Biz Ukraynanın müharibədən sonrakı bərpası üçün planlar qururuq”.
O əlavə edib ki, Almaniya dostları və tərəfdaşları ilə birlikdə Ukrayna iqtisadiyyatının böyük tənəzzülə uğramaması üçün yardım edir, ukraynalıların özlərini müdafiə edə bilmələri üçün silah-sursat verir.
Bütün bunların fonunda belə görünür ki, Ukrayna məsələsində Almaniya ilə Fransanın mövqeyi yenidən kəskinləşməyə başlayır. Bir ara bu iki dövlət ikili oyun oynayırdı. Üzdə bir söz deyirdilər, arxada isə Rusiya ilə gizli danışıqlar aparırdılar. Hər vasitə ilə çalışırdılar ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsin və s. Ancaq indi sözügedən dövlətlər məsələni çox kəskin şəkildə ortaya qoyurlar. Deyirlər ki, Ukrayna ərazilərini tərk etməlisən və qarşı tərəflə danışıqlara oturmalısan.
Maraqlıdır, Fransa və Almaniyanın Rusiya ilə bağlı bu mövqe dəyişikliyi nə ilə bağlıdır?
“Sözügedən məsələdə ABŞ-ın da Almaniya və Fransaya təzyiqləri müəyyən rol oynayır”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli Avroittifaqın iki aparıcı dövlətinin Rusiyaya münasibətdə sərt mövqedən çıxış etməsinə birmənalı prizmadan yanaşmadı: “Məsələ ondadır ki, Almaniya ilə Fransa hər zaman Rusiya ilə xüsusi yaxınlığı ilə seçilib. XIX əsrdə Napoleonun Rusiyaya hücumu, XX əsrdə dünya müharibələri, bunların hamısına baxanda Almaniya ilə Rusiya arasında dostluqla yanaşı düşmənçilik də olub. Hətta İkincü Dünya müharibəsi zamanı Rusiya Almaniyaya yanacaq da verib. Almaniyanın SSRİ-dəki səfirini Stalin şəxsən Moskva vağzalından yola salıb. Eyni zamanda, Rusiya çarlarının sarayında Rusiya təsiri hər zaman olub. O üzdən, Ukrayna məsələsində Almaniya və Fransanın sərt mövqedən çıxış etməsi o demək deyil ki, bu dövlətlərin birdən-birə Rusiyaya münasibətləri dəyişib. Almaniya və Fransanın bu cür davranması, bu ölkələrin dövlət mövqeyindən irəli gəlir. Çünki bu ölkələrin hakimiyyətləri ictimai rəyi nəzərə almaq məcburiyyətindədilər. Rusiyanın təcavüzünə qarşı olan sərt ovqat ortadadır. Hakimiyyətlər sözügedən amil nəzərə almaya bilməz. Almaniya və Fransa Avropada böyük gücə malikdilər. Bu dövlətlər istəsəydilər, Rusiyanın nəinki bu ilin 24 fevralında, hətta 2014-cü ildə Ukraynaya hücumunun qarşısını alardılar. Bu məsələdə ABŞ-ın da sözügedən ölkələrə təzyiqləri müəyyən rol oynayır. Çünki Birləşmiş Ştalar Rusiyaya qarşı ciddi mövqe sərgiləməkdədir. Fikrimcə, bu məsələdə tək ABŞ-ın deyil, Böyük Britaniyanın da basqısı böyükdür”.
Bir sözlə, sədr müavini bir sıra amillərin bu məsələdə rol oynadığı qənaətindədir.
Vidadi ORDAHALLI