Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Ölkə başçısının imzaladığı bu Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.
“Bu çox böyük bir humanist addımdır və xalqımızın əziz Müstəqillik bayramı ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu”
Müstəqillik günündə Prezident İlham Əliyevin əfv sərəncamı imzalamasınının əhəmiyyəti haqqında danışan millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cənab Prezidentin növbəti dəfə əfv sərəncamı imzalaması Azərbaycan dövlətinin humanistliyini bir daha nümayiş etdirdi: “Bayram ərəfəsində ölkə başçısının belə bir sərəncam imzalaması ilə çoxlu sayda insan azadlığa, ailəsinə qovuşur. Hər bir insanın əfv edilməsi onun yaxınlarının sevinməsinə səbəb olur. İlham Əliyev prezident səlahiyyətlərinə başladığı ilk gündə elan etdi ki, hər bir azərbaycanlının prezidenti olacaq. Bu gün hər kəs bunun şahidi olur. Məlumat üçün bildirim ki, məcburi köçkünlər üçün abad, müasir tələblərə cavab verən qəsəbələr salınır, ölkənin hər yerində infrastrukturun yaxşılaşdırılması, yeni məktəblərin inşa edilməsi, diaqnostik mərkəzlərin istifadəyə verilməsi, yeni iş yerlərinin yaradılması, pensiya və təqaüdlərin artımı hər kəsə bəllidir. Həmçinin, cəza sistemində də yüngülləşmə qeydə alınıb. Bunun nəticəsidir ki, ölkədə cinayət törədənlərin sayı azalıb”.
Deputat bildirdi ki, bu çox böyük bir humanist addımdır və xalqımızın əziz Müstəqillik bayramı ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu.
Günel CƏLİLOVA