Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan dövləti postmünaqişə dövründə davamlı addımlar atır.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sənədin imzalanması gözlənilir:
"Biz Brüssel görüşünü normallaşma prosesində yüksək qiymətləndiririk. Əsas vacib məsələ iki ölkə arasında kommunikasiyaların açılmasıdır. Amma hələ də nəticə əldə edilməyib. Ümid edirik ki, nəticələri görəcəyik. Yaxın zamanda baş nazirlərin müavinlərinin görüşü zamanı bir sənədin imzalanmasını gözləyirik. Konkret addımların atılacağını gözləyirik. Həmçinin yaxın zamanda marşrut işlək hala gələcək. Artıq burada Ermənistanın üzərinə düşən vəzifələri yerinə yetirməsi vacibdir".
Çox təəssüflər olsun, biz Ermənistanın addımlarında prosesi yubatmaq cəhdlərini görürük. Bəzi ekspertlər hesab edir ki, Ermənistanla əvvəl sülh sazişi imzalanmalıydı, sonra sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılışı. Bu fikirdə olanların arqumenti budur ki, Ermənistan bu prosesləri ləngitməklə sülh sazişindən yayınacaq. Bu ardıcıllığı ekspertlər necə dəyərləndirir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sərhədlərin dəqiqləşməsi əsas məsələdir: “Azərbaycan tərəfi bu yöndə çox düzgün siyasət yürüdür. Mənim fikirimcə, ardıcıllıq hazırda düzgün seçilib. Sərhəd çox önəmlidir. Çünki ərazi bütövlüyü və Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində qalması ilə bağlı məsələ də onlara aiddir. Yəni ən prinsipial məsələlər sərhədlərin delimitasiyasında toplanır. Hələ mən Qazax və Naxçıvandakı anklavları demirəm. Sərhəd məsələsini həll etmədən sülh müqaviləsi adlı quru sənədə qol çəkməyin heç bir faydası yoxdur. Çünki belə olsa, sonra yayınmağa çalışacaqlar. Ermənistanın davranışları göstərir ki, onlar heç bu ardıcıllıqla da gedə bilmirlər. Çünki Rusiyanın Ermənistandakı adamları və ən başlıcası oradakı 102 bazanın hərbi kəşfiyyatı prosesi sabotaj edir. Açıq gözlə görünür ki, Rusiya sülhyaeatma prosesini pozmağa cəhd göstərir. Nə topoqrafiya xəritəsi? Bunu Rusiya qəsdən ortaya atıb. O xəritədən bizdə də var. Azərbaycan və Ermənistan əhalisinin özləri də gözəl bilir ki, hansı qarış ərazi kimindir. Rusiya bu cür bəhanələrlə hər şeyi inhisara alıb, dominantlıq etmək istəyir. Bu ölkə hələ də dünyaya meydan oxumaqda davam edir. Hesab edirəm ki, tərəflər ikili münasibətlərə bir də Avropa İttifaqlnın modetatorluğuna üstünlük verməlidir. Rusiya prosesdən kənarlaşmasa bu məsələlər öz müsbət həllini tapmayacaq”.
Məhəmmədəli QƏRİBLİ