“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var”. TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib.
S.Lavrov bildirib ki, ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir. Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə müzakirə edir:“Ermənistanda, Qazaxıstanda və Mərkəzi Asiya ölkələrində belə laboratoriyalar var. Biz həmin ölkələrlə ikitərəfli əsasda və KTMT vasitəsilə bu problemləri nəzərdən keçiririk. Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumatlandırmanı nəzərdə tutan bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlanıb”.
Rusiya XİN rəhbəri qeyd edib ki, şəffaflıq bu proqramların hərbi məqsədlər üçün istifadə edilməməsi baxımından vacibdir. Belə ki, bu, bioloji və toksinli silahların qadağan edilməsi haqqında Konvensiya ilə qadağandır:“Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, həmin bioloji laboratoriyaların heç birində üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır”.
“Ermənistanda yoxlamaların başlanması şübhəsizdir”
Lavrov məsələni konkret qoydu və bildirdi ki, Ermənistanda və bir neçə ölkədə ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar fəaliyyət göstərir. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bir müddət bundan əvvəl Rusiya belə bir iddia ilə çıxış edib: “Rusiya iddia edirdi ki, həm Ukraynada, həm Ermənistanda, həm də digər ittifaq respublikaları ərazisində ABŞ bioloji laboratoriyalar qurub, kimyəvi silah istehsalı ehtimal olunur. Hətta Rusiyanın BMT-dəki nümayəndəsi bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldırıb. Təbiidir ki, Rusiya bu məsələni yalnız bəyanat verməklə dayandırmaq istəmir. Ona görə daim gündəmdə saxlayıb və xarici işlər naziri Lavrovun son bəyanatı da bu məqsədə xidmət edir. Bundan sonra nə ola bilər? Rusiya həm Ermənistandakı, həm Qazaxıstanda, həm də digər qonşuların ərazisində ehtimal olunan bioloji laboratoriyalarla bağlı araşdırma apara bilər. Güman edirəm ki, buna nə Ermənistan, nə digər qonşular etiraz edəcək. Lavrovun iddiaları doğru çıxarsa, bu, təbiidir ki, çox böyük skandala səbəb olacaq, o laboratoriyalar bağlanacaq. Ancaq qəribədir, bu barədə uzun danışıqlar gedir, hələ ki, konkret addımlar atılmır. Ermənistanda bioloji laboratoriyaları yoxlamaq çoxmu çətindir? Əgər belə bir iddia varsa Ermənistan öz forpostunuzdur, nümayəndələrinizi göndərin gedib yoxlasın, məsələni aydınlaşdırsın. Görünür, hələ danışmaq daha çox sərf edir, çünki dünyanın diqqətini bir qədər həmin problem üzərində saxlamaq istəyirlər. Ancaq növbəti addımlar mütləq atılacaq. Ən azı, Ermənistanda yoxlamaların başlanması şübhəsizdir. Bundan sonra nə ola bilər? Gözləyək görək”.
İradə SARIYEVA