ABŞ İranı cilovlamaq üçün, lazım gələrsə, zərbə endirməyə hazırdır. Belə bir xəbərdarlıqla ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli çıxış edib.
Amerikalı diplomat ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə İranla müharibəni istisna etməyib: “Qeyd etdiyimiz kimi, biz hələ də sanksiyalarımızı tətbiq edirik və İranın sabitliyi pozan davranışına yönəlmiş sanksiyaları tətbiq etməyə davam edəcəyik. Bundan başqa, biz İsraillə, tərəfdaşlarımızla Fars Körfəzi bölgəsindəki məsələni həll edirik. Avropalılarla onların müdafiə xətlərini gücləndirmək, dinamik şəkildə regionda qüvvələr yerləşdirmək, o cümlədən uzun mənzilli bombardmançı təyyarələrin uçuşlarını, dəniz təhlükəsizliyini artırmaq üçün çalışırıq”. Robert Malli bildirib ki, İranın maliyyə axınını kəsmək üçün öz pilotsuz uçuş aparatlarını, ballistik raketlərini, hərbi avadanlığını silahlı qruplara və qeyri-dövlət subyektlərinə daşımaq imkanı məhdudlaşdırılmalıdır. Diplomat qeyd edib ki, İran və onun tərəfdaşlarının fəaliyyət göstərdiyi qüvvələri ABŞ-a hücum etməkdən çəkindirməkdən lazımdır. O bildirib ki, lazım gələrsə, İrana zərbələr endiriləcək. Bu açıqlamalar İranın nüvə proqramı ilə bağlı danışıqların dalana dirənməsi, dünyada geosiyasi vəziyyətin kəskinləşməsi fonunda verilir. Belə bir vaxtda ABŞ prezidenti Co Bayden İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısından çıxarmaqdan imtina edib. Bayden İsrail baş naziri ilə görüşündə İrana güzəşt pəncərəsinin artıq bağlandığını bildirib. Bundan başqa, ABŞ İranı nüvə sazişinin tezliklə bərpasında maraqlı olub-olmadığına bir qərara verməyə çağırır və hesab edir ki, bu məsələ ilə bağlı razılaşma hələ də təmin edilməyib. ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi yerli mediaya bu xüsusda bildirib: “Bu mərhələdə hələ də sövdələşməyə zəmanət verilmir. İran qeyri-müqavilə şərtlərini irəli sürüb-sürməyəcəyinə və razılaşmaya nail olmaq istəyib-istəməyəcəyinə qərar verməlidir”. Onun sözlərinə görə, hazırda hər şey İrandan asılıdır.
Digər tərəfdən, yayılan məlumatlara əsasən, İsrail də İranla genişmiqyaslı müharibəyə hazırlaşır. Bu ölkənin “Maariv” xəbər agentliyi yazır ki, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) ilk dəfə olaraq İran və onun müttəfiqlərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün təlimlər keçirir. “Atəş arabaları” adlanan təlim çərçivəsində İsrail ordusu İrana hücumu imitasiya edir. Manevrlərdə İsrailin şimal hissəsində gərginliyin artması halında iştirak edə biləcək bütün bölmələr iştirak edir. Xüsusilə ÇAXAL İsrail ərazisinin Yəmən, İraq və Suriyadan atəşə tutula biləcəyinə hazırlaşır. İsrailin müdafiə naziri Benni Qants isə qeyd edir ki, İran hazırda nüvə obyektlərində min yeni sentrifuq quraşdırır. Bu da İranın nüvə proqramını sürətlə inkişaf etdirdiyini göstərir. Ekspertlər qeyd edir ki, Rusiya ilә Ukrayna arasındakı müharibә rәsmi Vaşinqtonu və İsraili müəyyən qədər İran mövzusundan ayrı salıb. Amma hər iki tərəf Rusiya ilə mütəffiqlik edən İran üzərində yenidən diqqəti cəmləyir. İsrail vә bәzi Körfәz ölkәlәri Ukraynadakı hadisələrə görə Vyanada İranla davam etdirilәn danışıqlarda Bayden administrasiyasının ciddi güzәştә gedə biləcəyindən narahatdır. İran nüvә sazişinә tabe olmağı qәbul edәcәyi tәqdirdә rәsmi Vaşinqtonun hәm onun raket imkanlarını mәhdudlaşdırmaq tәlәbindәn imtina edәcәyi, hәm dә rәsmi Tehranın yerli silahlıların bölgәdәki tәsirini vә mövcudluğunu görmәzdәn gәlәcәyi düşünülürdü. Nüvә sazişinin yenilәnmәsi ilә ABŞ-ın İran İnqilab Keşikçilәri Korpusunu terror siyahısından çıxarması ehtimalının Vaşınqtonda müzakirә edilmәsi adıçәkilәn ölkәlәr üçün qәbuledilmәz tәhlükәsizlik problemi olaraq qiymәtlәndirilirdi. İsrail, Körfəz ölkələri ABŞ-ın bu mövqeyinә görә çox məyus olmuşdular. Eyni şəkildə Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirdiyi raket hücumlarına Bayden administrasiyasının müdaxilə etmədiyi müşahidә olunurdu. Bu sәbәbdәn Körfəz ölkələri hәm hәrbi tәchizat, hәm dә ticari münasibәtlәr yaratmaq üçün bir sıra ölkәlərlə, o cümlədən Çin vә Rusiya kimi böyük dövlәtlәrlә münasibәtlәrini şaxәlәndirmәyə başlamışdılar. ABŞ bölgədəki ölkələrin bu siyasətindәn mәmnun olmasa da, bugünәdәk vəziyyəti dəyişmək üçün ciddi mövqe nümayiş etdirmirdi. Bu da ABŞ-ın mövqeyini regionda zəiflədirdi. Belə vəziyyətdən narahat olan ABŞ yenidən İran məsələsində sərt ritorikaya qayıdıb və hətta Tehranı hərbi zərbə ilə hədələyir. Vaşinqton administrasiyası Körfəz ölkələri, İsraillә yaxınlaşma prosesini yenidən dərinləşdirmək istəyir. Hazırda BƏƏ, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Bəhreyn, İraq və İsrail Yaxın Şərq bölgәsindә yeni əməkdaşlıq imkanları axtaran ölkələr sırasındadır. Rusiya bu məsələdə təşəbbüsü ələ almaq istəyir. Bu isə ABŞ-ı narahat etdiyindən, adları çəkilən ölkələrlə əməkdaşlığının istədiyi məcrada inkişafı üçün o, İranı qurban verməyə hazırdır.
Samirə SƏFƏROVA