Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Brüsselin Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə kömək edəcəyinə, geosiyasi oyunlar oynamayacağına ümid edir:
“Biz Aİ-nin ən yüksək səviyyədə razılaşmaların icrası prosesinə qoşulmaq üçün davamlı cəhdlərini görürük. Əgər Brüssel çox istəyirsə, ümidvarıq ki, geosiyasi oyunlar oynamaq əvəzinə, onların həyata keçirilməsinə kömək edəcək”.
Onun sözlərinə görə, Rusiya Bakı və İrəvandan olan tərəfdaşlara bütün istiqamətlərdə, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədin delimitasiyası və ictimai dialoqun qurulmasında hərtərəfli yardım göstərir.
Diplomat qeyd edib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, eləcə də bu prosesi təşviq etməkdir. Onun sözlərinə görə, əsas vəzifələrdən biri Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, davamlı sülhün bərqərar olmasıdır.
Göründüyü kimi, Kreml Brüsselin Qarabağ siyasətinə "geosiyasi oyun" deyir. Rusiya bu prosesdə nəyi oyun sayır?
Politoloq İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada Rusiyanın açıq-aşkar qısqançlığı özünü büruzə verir: “Biz bunu Rusiyanın digər davranışlarından da aydın hiss edirik. Rusiya Qafqazı öz nüfuz dairəsi sayır. Buna görə də, Qarabağ məsələsində də vasitəçilik səylərini əlindən buraxmaq istəmir. Vaxtilə bütün bu proseslərdə dominantlığı Rusiya edirdi. İndi isə Brüssel aktivliyi ələ almağa çalışır. Təbiidir ki, bu fəallıq Moskvanı qane edə bilməz. Bundan əlavə, Brüsseldə müsbət razılıqlar əldə olunması Moskvanın səylərini bir qədər arxa plana keçirir. Belə çıxır ki, Moskvanın edə bilmədiyini Brüssel edə bilir. Digər tərəfdən Zaxarova “geosiyasi oyun” ismarıcı ilə tərəfləri xəbərdar edir. Yəni bu ironiyanın ünvanı yalnız Brüssel deyil, ən əsası Ermənistan və Azərbaycandır. Demək istəyir ki, Brüssel sizi oyuna çəkə bilər, ancaq siz buna getməyin. Bunun Azərbaycana çox az aidiyyəti var. Çünki Moskvanın bizə təsir imkanları çox deyil. Bu ismarıcı Moskva daha çox Ermənistana ünvanlayır. Çünki onların siyasi rəhbərliyi son vaxtlar Avropaya meyllənmək yolunda daha cəsarətli addımlar atır. Moskva bunu oyun sayır. Çünki onun üçün belə həssas məqamda Rusiya KTMT və Avrasiya İttifaqı ölkələrini öz ətrafına yığır, digər tərəfdən isə Ermənistan buna tərs gedişlər edir. Ermənistan Rusiyanın orbitində olan sözügedən qurumların üzvüdür. O, qırmızı cizgidən çıxaraq, bəzi məsələləri məhz Brüsseldə həll etməyə çalışır. Azərbaycana bu xəbərdarlığın ona görə aidiyyəti yoxdur ki, biz nə KTMT, nə də Avrasiya İttifaqının üzvüyük. Bizim oyunumuz açıqdır. Nə istədiyimizi Rusiya aydın bilir. Brüsselin Ermənistanla bağlı apardığı oyunlar Moskvaya qeyri-məlum görsənir”.
Məhəmmədəli QƏRİBLİ