Rusiya baş nazirinin müavini Aleksandr Novak Tehranda səfərdə olub. Səfər çərçivəsində Rusiya-İran neft və qaz üzrə svop (mübadilə) sövdələşmələri, sözügedən layihələrə investisiyaların qoyulması müzakirə mövzusu olub.
İranın neft naziri Cavad Ouci müzakirə edilən məsələlərlə bağlı bunları deyib: “Budəfəki səfər zamanı Rusiya qazının İran vasitəsilə svop tədarükü müzakirə olunub. Son aylarda biz İran ərazisindən Türkmənistandan Azərbaycana svop qaz nəqlini həyata keçirməyə başlamışıq. Eynilə, biz Rusiya qazının sonrakı ixracı üçün Azərbaycandan İranın cənubuna dəyişdirilməsini təklif etdik”.
İran ən böyük qaz ehtiyatlarına malik ölkədir, lakin hasilatı məhduddur. Çünki ABŞ sanksiyaları səbəbindən texniki imkanları məhduddur. Rusiya ilə svopun mahiyyəti ondan ibarət olacaq ki, “Qazprom” Azərbaycan vasitəsilə İrana qaz tədarük edəcək və daxili bazarda Rusiya yanacağı istifadə olunacaq. Eyni zamanda, İranın cənubunda, Fars körfəzində hasil edilən eyni həcmdə qaz ixrac ediləcək.
Burada diqqəti çəkən məqam, Rusiya öz qazını svop çərçivəsində Azərbaycan üzərindən İrana ötürsə, bunun bizim üçün nə kimi problem yarada bilməsi ehtimalıdır. Yəni Azərbaycanın buna icazə verməsi Qərbin müəyyən narazılıqlarına, sanksiya qoyan dövlətlərin müəyyən hərəkətlərinə səbəb ola bilərmi?
“Bu, Qərbin narazılığına səbəb olacaq, amma Azərbaycana qarşı ciddi təzyiqlərin olacağını düşünmürəm”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, prinsipcə bu, Qərbin narazılığına səbəb olacaq: “Əvvəla, belə bir hal olarsa, o zaman Azərbaycan buna razılıq verməməlidir. Çünki Azərbaycan qaz ixrac edən dövlətdir. Rusiya qazının İrana ötürülməsi məsələsinə münasibətdə Azərbaycan özü Tehranla razılığa gəlməlidir. Yəni, öz qazını İrana ötürməlidir. Fikrimcə, Azərbaycan bundan yayınmalıdır. Lakin biz geosiyasi vəziyyəti də nəzərə almalıyıq. Geosiyasi vəziyyət elədir ki, Azərbaycan bundan imtina etməyə bilər. Çünki ölkəmiz həm İranla, həm də Rusiya ilə sərhədlərə malikdir. Qonşu ölkələrin maraqlarını da gözardı etmək olmaz. Biz nəzərə almalıyıq ki, Türkmənistan qazı svop olaraq İrandan Azərbaycana ötürülür. Bax, bu kimi məsələlər var. Düzdür, bu, Qərbin narazılığına səbəb olacaq, amma Azərbaycana qarşı ciddi təzyiqlərin olacağını düşünmürəm. Çünki Azərbaycan qazı Qərb üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan həm qaz ixracını artırır, həm də digər ölkələrin qazının ötürülməsində tranzit rolunu oynayacaq. Bu nöqteyi-nəzərdən Azərbaycana ciddi təzyiqlərin olacağını düşünmürəm. Baxmayaraq ki, Rusiya və İran sanksiyalara məruz qalan ölkələrdir”.
Bir sözlə, partiya sədri hesab edir ki, sözügedən məsələdə birinci növbədə Azərbaycanın maraqları nəzərə alınmalıdır.
Vidadi ORDAHALLI