Azərbaycanla sülh sazişi ilə bağlı mümkün danışıqlar iki variant üzrə müzakirə edilib. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib:
“İstər beynəlxalq aləmdə, istərsə də Ermənistanda müzakirələr gedir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə Qarabağ məsələsi də daxil edilməlidir, yoxsa ayrıca baxılmalıdır”.
Onun sözlərinə görə, Ermənistan müxalifəti Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyin “ayrıca məsələ” olmasını istəyir. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə Brüsseldə keçirilən görüşdə anklavlar məsələsi müzakirə olunmayıb:
“Azərbaycan birbaşa və ya dolayısı ilə bu məsələni qaldırır, lakin biz dedik ki, de-yure Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu qeydə alınmayıb”.
O bəyan edib ki, Brüsseldə Qarabağla bağlı çox ciddi müzakirələr aparılıb, nəticədə Ermənistan və Azərbaycanın mövqelərində fikir ayrılığı olub: “Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub, Ermənistan hesab edir ki, həll olunmayıb. Bakı öz 5 təklifini verib, bizim də öz təklifimiz var və bunun əsasında danışıqlar aparılmalıdır”.
Paşinyanın bu açıqlaması Brüsseldə əldə olunan razılaşmanın ən vacib elementini inkar etmək anlamına gələ bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyanın bugünlərdə verdiyi bütün açıqlamalar ölkə daxilində baş qaldıran etirazların yatırılması istiqamətində edilən səylər kontekstindən qiymətləndirilməlidir: “Baş nazir ona qarşı olan etirazlarda səslənən əsas sloqanları neytrallaşdırmaq baxımından belə gedişlərin edilməsini məqbul sayır. Çünki Nikol Paşinyanın parlamentdə səsləndirdiyi bu fikir onun Moskva və Brüsseldəki davranış və açıqlamaları ilə qətiyyən uzlaşmır. O, eyni zamanda, bununla özünü proseslərə tam nəzarət edən, şərt diqtə edən tərəf kimi təqdim etməyə çalışır. Çünki Azərbaycan Prezidentinin mesajları Ermənistan mediasında gündəm olur və ölkədəki ictimai rəyə ciddi təsir edir. Bu amildən, əsasən də radikal müxalifət Paşinyana qarşı istifadə edir. Buna görə də Paşinyan, sanki bizim ölkə başçısını təkzib etməyə çalışır. Bununla yanaşı, Nikol Paşinyan həm də riyakar siyasətçidir. O belə nümunələri yalnız Azərbaycana münasibətdə deyil, həmçinin öz cəmiyyəti ilə bağlı mövzularda da nümayiş etdirib. Onun ikibaşlı mesajlarına həm də prosesi primitivcəsinə sabotaj etmək prizmasından yanaşmaq olar. Avropa Birliyinin qrantlarını əldən çıxarmaq istəmədiyi üçün bir qədər konstruktiv olmağa çalışır. Hətta Ermənistan üçün ayrılan 2.6 milyard dolları da bu davranışlarının ruhuna uyğun şəkildə əldə edəcək. Açıq sabotaja getsə, bu dəfə qarşısında yalnız Azərbaycanı deyil, həm də Avropa Birliyini görmüş olacaq”.
Məhəmmədəli QƏRİBLİ