Ermənistan Brüsseldə Zəngəzur razılaşmasının mahiyyətini baş-ayaq çevirir...

Arzuxan Əlizadə: “Azərbaycan dəhliz məsələsində israrlıdır”

img

Məlum olduğu kimi, Brüsseldə keçirilən Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşündə tərəflər Zəngəzur dəhlizinin açılması ilə də bağlı razılığa gəlib. Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. Dövlət başçısı Brüsseldə, həmçinin, həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini deyib.

Ancaq Ermənistan rəsmiləri hər vasitə ilə çalışırlar ki, dəhliz açılmasın. Zəngəzur dəhlizi termini Ermənistanda etirazla qarşılanır, rəsmilər bu ölkənin ərazisindən hər hansı dəhlizi suverenliyin pozulması kimi dəyərləndirirlər. Elə bir rəy yaradırlar ki, dəhlizin reallaşması mümkünsüzdür. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinin dəhlizlə bağlı sualına cavabında bildirib ki, Ermənistan ərazisindən dəhliz məntiqi ilə yol, yaxud nəqliyyat marşrutu ola bilməz: “Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasıyla əlaqədardır. Brüsseldə əldə olunan razılaşmaların hamısı Ermənistan təmsilçilərinin keçmişdə verdiyi bəyanatlara uyğundur. Avropa İttifaqı Şurası başçısının görüşün nəticələrinə dair bəyanatından görmək olur ki, regional əlaqələrin açılması kontekstində razılaşmalar sərhəd, gömrük nəzarəti, ödəniş tutulması, beynəlxalq tranzitlə bağlıdır. Bu vacib məsələlər “Ermənistan qovşağı” layihəsinin reallaşmasına aiddir və Ermənistan hökuməti bu istiqamətdə davamlı irəliləyəcək”.

Bütün bunlar onu göstərir ki, baxmayaraq ortada prinsipial razılaşma var, amma Ermənistan rəsmiləri dəhliz sözündən qıcıqlanır, bundan yayınmağa çalışırlar. Ermənilər dəmir və avtomobil yollarının ikisinin də açılmasına etiraz edir və bunu istəmirlər. Qriqoryan məlum fikirləri ilə faktiki olaraq guya Mişelin açıqlamasının düzgün başa düşülmədiyi haqda bir rəy yaradır. Həm də mifik “Ermənistan qovşağından” danışır. Halbuki, Ermənistanın nəqliyyat qovşağı olması mümkünsüzdür. Çünki belə bir imkan artıq əldən çıxıb. Üstəlik, Ermənistanın yerləşdiyi coğrafi məkan da bu ölkəyə belə bir imkan tanımır. O üzdən, Ermənistan olsa-olsa quyruqlara qoşula bilər.

  • “Ermənistan Zəngəzur dəhlizinə imkan verməsə, o zaman Laçından keçən yol dəhliz statusundan məhrum edilməlidir”

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistan tərəfi bütün vasitələrlə çalışır ki, Zəngəzurdan keçəcək dəmir və avtomobil yolları dəhliz statusu almasın: “Bax budur məsələnin əsas mahiyyəti. Düzdür, Ermənistanın belə mövqe sərgiləməsi yeni deyil. Ancaq Azərbaycan dəhliz məsələsində israrlıdır. Belə görünür ki, Avropa İttifaqı da Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Məsələ ondadır ki, Ukraynada baş verən hadisələrdən sonra Avroittifaq tranzit daşımalar nöqteyi-nəzərindən də Rusiyadan asılılığı minimuma endirməyə çalışır. Söhbət Şərqdən Qərbə quru nəqliyyatı vasitəsilə daşımalardan gedir. Bu sahədə də ən optimal variant Azərbaycan üzərindən keçən tranzit xətləridir. Artıq Çin başda olmaqla, bir sıra ölkələrin bununla bağlı Azərbaycana müraciət etdikləri barədə məlumatlar var. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təsir etmək istəmir. Ermənistan rəsmilərinin dəhlizlə bağlı pozucu mövqedən çıxış etməsi həm də bundan qaynaqlanır. Halbuki, Rusiyanın bununla bağlı Ermənistana təzyiq imkanları yetərincə böyükdür. Üstəlik kommunikasiya xətlərinin açılması Rusiyanın da maraqlarına uyğundur. Ancaq Kreml Rusiyanın imperiya maraqlarından çıxış edərək ikili oynayır. Hesab edirəm ki, Ermənistan Zəngəzur dəhlizinə imkan verməsə, o zaman Laçından keçən yol dəhliz statusundan məhrum edilməlidir”.

Partiya sədri hesab edir ki, yalnız o halda Ermənistan geri addım atmağa məcbur olacaq.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər