Paşinyan ölkəsinin dövlət borcuna 2.5 milyard dollar da əlavə etdi...

Əli Orucov: “Ermənistan iqtisadiyyatı yaranan borc yükünü qarşılamaq gücündə deyil”

img

Erməni mediasının yaydığı məlumata görə, Ermənistanın borcu 10 milyard dollara yaxınlaşır. Belə ki, son 4 il ərzində Ermənistanın dövlət borcu 2,58 milyard və ya 37,6 faiz artıb.

Ümumilikdə, Ermənistanın dövlət borcu apreldə 9,45 milyard dollar olub. Təkcə 2021-ci ildə borc 1,25 milyard, bu ilin 4 ayı ərzində 222 milyon dollar artıb, yoxsulluq səviyyəsi isə 27 faizə qalxıb. Ermənistanın 4 ildə götürdüyü borc 4 ildəki ÜDM artımından 57 faiz çoxdur. Adambaşına düşən milli borc təxminən 3 200 dollardır. Eyni zamanda, bu göstəricinin artması ÜDM-in ən azı proporsional artımına töhfə verməyib. Məsələ ondadır ki, dörd il ərzində 2,45 milyard dollar borc xərclənib, lakin Ermənistanın nominal ÜDM-i təxminən 1,6 milyard dollar artıb və orta yoxsulluq səviyyəsi aşağı düşmək əvəzinə 27 faizə yüksəlib. Borc nəinki ölkənin sosial-iqtisadi problemlərini həll etmir, hətta onları daha da dərinləşdirir.

Göründüyü kimi, Ermənistanın borc yükü hər keçən gün daha da artır. Bu isə yeni-yeni sosial problemlərə yol açır.

  • “Vaxtaşırı yaranan sosial və iqtisadi şok vəziyyətlər nəticəsində borcların cəlb edilməsi daha geniş vüsət alır”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Ermənistan iqtisadiyyatı yaranan borc yükünü qarşılamaq gücündə deyil: “Əhalisi heç 3 milyon nəfər olmayan zəif Ermənistan üçün 10 milyard dollar borc böyük rəqəmdir. Diqqəti çəkən məqam odur ki, borc yükü Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olandan sonra artan dinamika üzrə yüksəlir. Halbuki, Paşinyan ilk dövrlərdə bir sıra populist vədlər vermişdi. Onlardan biri də o idi ki, Ermənistanın xarici borcu azaldılacaq. Ancaq tam əksinə olaraq borc azalmaq əvəzinə, artmağa başladı. Üstəlik Pandemiya və ondan sonra 44 günlük müharibə Ermənistan iqtisadiyyatına güclü zərbə vurdu. Ümumilikdə, büdcədə nəzərdə tutulan xərcləri həyata keçirmək üçün Ermənistan hökuməti vaxtaşırı xarici dövlətlərdən və təşkilatlardan borc alır. Lakin vergi ayırmaları və digər daxil olan məbləğlər kifayət etmir. Vaxtaşırı yaranan sosial və iqtisadi şok vəziyyətlər nəticəsində borcların cəlb edilməsi daha geniş vüsət alır. Bu baxımdan son on ildə Ermənistanın dövlət borcu iki dəfə artaraq ölkə iqtisadiyyatı və vətəndaşları üçün böyük yükə çevrilib. Eyni zamanda, son on ildə bu ölkənin xarici borcu təxminən iki dəfə, daxili borcu isə beş dəfə artıb. Bütün bunlar isə onu göstərir ki, Ermənistanı ciddi iqtisadi kataklizmlər gözləyir”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər