Məşhur Kasprşik İrəvanda nəsə axtarır - 30 illik nəticəsiz Qarabağ fəaliyyətindən sonra kommunikasiyalara başlayıb...

Elşad Musayev: “Kommunikasiya məsələlərinin Kasprşiklə müzakirəsinə şərait yaradan Ermənistandır”

img

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik uzun fasilədən sonra İrəvanda peyda olub, bu ölkənin rəsmiləri ilə müxtəlif mövzuları, o cümlədən kommunikasiya xətlərinin açılmasını müzakirə edib.

Belə ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan A.Kasprşiklə Qarabağdakı vəziyyəti müzakirə edib. Görüş zamanı regiondakı vəziyyət və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı işlər müzakirə olunub. Tərəflər Qarabağ məsələsinin hərtərəfli həllindən də danışıblar. Bu kontekstdə Qriqoryan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolunu qeyd edib.

Burada diqqəti çəkən məqam A.Kasprşikin kommunikasiya məsələlərini Ermənistan rəsmiləri ilə müzakirə etməsidir. Halbuki, sözügedən məsələlərin ATƏT-ə dəxli yoxdur. Ona görə ki, bu işlə faktiki olaraq Avropa İttifaqı və Rusiya məşğuldur. Yəni ATƏT məsələdən kənardadır. Belə olan halda Kasprşikin kommunikasiya xətlərinin açılmasına nə aidiyyəti var? Hansı əsasla bunları müzakirə etdi?

  • “Bununla rəsmi İrəvan məqsədli şəkildə ATƏT-i proseslərə cəlb etməyə çalışır”

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Kasprşikin kommunikasiyalarla bağlı müzakirələr aparmasını anormal hal saydı: “Ən azından ona görə ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səmərəsiz fəaliyyətini hamımız görmüşük. Söhbət Minsk Qrupunun 30 ilə yaxın səmərəsiz fəaliyyətindən gedir ki, bu heç nəyə yaramadı. Son məsələdə söhbət təkcə Kasprşikdən getmir. Söhbət Ermənistanın riyakar siyasətindən gedir. Bunlar bir tərəfdən Avropa İttifaqının vasitəçiliyi çərçivəsində görüşlər keçirirlər, o biri tərəfdən Moskvaya bununla bağlı dərhal hesabat verirlər. Üçüncü tərəfdən ATƏT-i bu prosesə qoşmaq istəyirlər. Kommunikasiya məsələlərinin Kasprşiklə müzakirəsinə şərait yaradan Ermənistandır. Bununla rəsmi İrəvan məqsədli şəkildə ATƏT-i proseslərə cəlb etməyə çalışır. Halbuki, ATƏT-lik burada bir şey yoxdur. Brüssel görüşündə açıq-aydın göründü ki, Prezident İlham Əliyev razılaşdırılmış məsələlər üzrə müzakirələr keçirir. Müharibədən sonra ATƏT, ümumiyyətlə, oyundan kənarda qalıb. Bir sıra məsələlər Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə yoluna qoyulub. İndiki halda Ermənistan müxtəlif  vasitələrlə prosesi uzatmaq istəyir. Ona görə ki, daxildə gərginlik var. Ermənistan prosesi uzatmaq üçün dəxli olmayan məsələlərə ATƏT-i şərik edir. Başqa bir tərəfdən Ermənistan güzəşt qoparmaqdan ötrü həm Rusiyanı, həm də Qərbi günahlandırır. Sanki hamı gəlib bunların yerinə nəsə etməlidir. Bu baxımdan hesab edirəm ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin İrəvana getməsi təsadüfi deyil. Bütün bunlar vaxt uzatmağa xidmət edən siyasi gedişlərdir”.

Bir sözlə, partiya sədri hesab edir ki, kommunikasiya məsələlərinə ATƏT-in qarışmağa haqqı yoxdur.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər