ABŞ-ın "Ermənistan demokratiyasına" 3 milyard dollar dəstəyi - hədəf tək demokratiyadırmı?..

Əhəd Məmmədli: “Ermənistandakı ABŞ səfiri sanki həmin ölkənin regionda maraqlarını ifadə edən rezident rolunu oynayır”

img

ABŞ səfiri Lin Treysi Ermənistanda jurnalistlərə bildirib ki, 1992-ci ildən bəri ölkəsi  Ermənistana sosial inkişaf və demokratiyanın bərqərar olması üçün 3 milyard dollar ayırıb.

ABŞ səfiri həmin vəsaitin demokratiyanın stimullaşdırılması, demokratik təsisatların qurulması, korrupsiyaya qarşı mübarizə, iqtisadiyyatın inkişafına yönəldildiyini qeyd edib.

Onun sözlərinə görə, insan kapitalına qoyulan sərmayə ən vacib məsələ kimi demokratiyanın inkişafına imkan verir. Bu kontekstdə o, yaxşı nümunə kimi Ermənistanın Amerika Universitetinin fəaliyyətini və müxtəlif təhsil proqramlarını qeyd edib.

Treysi ABŞ-ın Ermənistanda gələcək proqramlarından da danışıb. O, ABŞ-ın cəmiyyətin müəyyən qruplarının - qadınların, əlilliyi olan şəxslərin və LGBT icmasının üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmiş proqramlar həyata keçirmək niyyətini xüsusilə vurğulayıb.

Əslində, ABŞ-ın ayırdığı məbləğ Ermənistan kimi ölkə üçün çox böyükdür. Bu, rəsmi elan olunandırsa, çox güman ki, gizli yollarla da müəyyən yardımlar edilib. Doğrudanmı ABŞ milyardlarla vəsaiti yalnız Ermənistanda demokratiyanın inkişafı üçün ayırıb, yoxsa başqa məqsədlər də güdülüb?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, bu suala cavab verməzdən əvvəl bir sıra amillərə diqqət yetirmək lazımdır: “ABŞ dünyada sayca ən böyük kontingenti olan ikinci səfirliyini məhz Ermənistanda saxlayır. Birinci İraqdadır, ikinci bu ölkədə. Sual doğura bilər: niyə məhz balaca ölkə olan Ermənistanda belə böyük səfirlik saxlayır? Görünür, ABŞ-ın çox böyük hədəfləri və geostrateji maraqları var. Bu da yalnız Ermənistana deyil, bütün regiona hesablanıb. Onların fəaliyyəti heç də nəticəsiz olmadı. Paşinyanın hakimiyyətə gəlməsi də məhz bu fəaliyyətin nəticəsində olub. 3 miyard hələ rəsmi elan olunandır. ABŞ demokratiya adı altında Azərbaycan və Gürcüstana da pullar xərcləyir. Yaxşı olardı, açıqlasınlar görək, ABŞ 1992-ci ildən bu yana Azərbaycana nə qədər  pul xərcləyib? Çox maraqlıdır, ABŞ-ın bizdəki səfiri niyə bu yöndə açıqlamalar vermir? Səfir deyir ki, gələcəkdə LGBT-nin hüquqlarının qorunması onlar üçün prioritet olacaq. Məhz bu istiqamətdə olan təhlükəli gedişatı biz Azərbaycanda da görürük. Bir daha təsdiqlənir ki, ABŞ Ermənistana Azərbaycandan daha yaxın olub. Ermənistanda bir aydır mitinqlər gedir, çoxlu sayda insan həbs edilir, nə Qərbin, nə də ABŞ-ın səsi çıxır. Sanki Ermənistanda olan hər hansı bir neqativi onlar görmür. Biz bu amili mütləq nəzərə almalyıq ki, ABŞ Ermənistana daha çox güvənir. Oradakı laboratoriyaların sayı  ilə bağlı səslənən iddialar da bunu təsdiqləyir. Bundan əlavə, Ermənistandakı ABŞ səfiri, sanki həmin ölkənin regionda maraqlarını ifadə edən rezident rolunu oynayır”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər