Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:
“Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm. Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik. İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.
Məktubda daha sonra bildirilir ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir: “ Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq. Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm”.
Məktubda Azərbaycanla bağlı kifayət qədər müsbət məqamlar yer alsa da, belə bir detalın olması təəssüf doğurur: "Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik".
Məktubda diqqət çəkən məqamlardan biri budur:
“Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir”.
Baydenin indiki məqamda Azərbaycanın suverenliyinə birmənalı dəstək ifadə etməsindən hansı nəticəni çıxarmaq olar?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Baydenə göstərdiyi bu diqqətə görə təşəkkür etmək lazımdır: “Məktubda Azərbaycanın roluna böyük diqqət ifadə olunur. Baydenin dəst-xəttində sələflərindən fərqli olaraq yeni dünya nizamı kontekstində yanaşma ilə müraciət var. Verilən mesajlar bu zamana qədərki ümumi yanaşma çərçivəsindən kənara çıxarılır və ona yeni məna yüklənir. Məsələn, Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi və humanitar yardımı Bayden tərəfindən yüksək qiymətləndirilir.
Məktubda daha sonra Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyin, humanitar yardımın yüksək qiymətləndirilməsi açıq şəkildə ifadə olunub. Bu xüsusda ABŞ Azərbaycanın ərazi bütövlüyünə də dəstəyini bir daha açıq formada ifadə edib. ABŞ Prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.
Buradan çıxan nəticə ondan ibarətdir ki, ABŞ Azərbaycanın bir yandan terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri, eyni zamanda Ukraynaya göstərilən yardımı təqdir edir. Digər tərəfdən hazırkı dövrdə cərəyan edən proseslərin olduqca mürəkkəb xarakterini nəzərə almaqla, Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir. Buradan bu nəticə çıxarmaq olar ki, ABŞ Cənubi Qafqazda Azərbaycanla daha da yaxınlaşmaq xəttini tutur. Bu, yaxşı haldır, amma bunun Rusiya-Ukrayna müharibəsi yanaşmasının içinə salınması regiondakı gərginlikdən xəbər verir. Belə qənaətə gəlmək olar ki, Ağ Ev Azərbaycanın regional əhəmiyyəti səbəbindən Bakı ilə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Eyni zamanda Azərbaycanın suverenliyinə yüksək təminat vermiş olur”.
Məhəmmədəli QƏRİBLİ