İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan mövcud olduğu regionda yeni mühüm reallıqlar yaradıb. Dünya da qəbul edir ki, son Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan bölgədəki lider statusunu daha da möhkəmləndirib. Qalib ölkə kimi Azərbaycan regionda oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bu, Prezident İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın reallıqlarıdır.
İlham Əliyev amili və onun yaratdığı qüdrətli Azərbaycan qlobal miqyasda da qəbul edilir. Bunu ABŞ Prezidenti Co Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə məktubundan da görmək mümkündür. Məktubda bildirilir: “Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”.
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Azərbaycan qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, Qərbdən olan istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Xüsusən də indiki halda rus qazının Avropaya nəqlinin azalması fonunda. Bu, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin təntənəsidir. Bunu Bayden də məktubunda etiraf edir. Həmin məktubda ABŞ prezidenti qeyd edir ki, Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir: “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”.
Müharibə ilə üzləşən Ukrayna xalqına Azərbaycan dövləti tərəfindən bir neçə dəfə humanitar yardım göndərilib. Dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət yardımlar bu gün Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə beynəlxalq münasibətlərin normal gedişinə təhlükə yaradan, kütləvi insan ölümlərinə səbəb olan və bütün dünyanın diqqət mərkəzində olan qorxulu problemlərdən biri də terrorizmdir. Qloballaşma dövrünün terrorizm probleminin əsasında başqa təhlükələrlə yanaşı, təcavüzkar separatizm də dayanır. Qloballaşma şəraitində beynəlxalq terrorizm təkcə ayrı-ayrı dövlətlərə qarşı deyil, həm də bütün bəşəriyyətə meydan oxuyan təhlükə kimi qiymətləndirilməlidir. Hazırda terrorçu təşkilatlar öz səylərini yalnız sabitliyin pozulmasına və ya hansısa qısamüddətli planların gerçəkləşməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə yönəldiblər. Buna qarşı mübarizədə Azərbaycan mühüm rol oynayır və bunu Bayden də İlham Əliyevə məktubunda etiraf edir.
Məktubunda ABŞ dövlət başçısı qeyd edir: “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”. Məlumdur ki, prezident İlham Əliyevin yanaşmasına əsasən, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mühümdür, bu, regionun daha güclü olmasına təkan verər. Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin aprelində Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi Şuşa şəhərində çıxışında erməni təcavüzünün gətirdiyi bütün ağrılı-acılı məqamlara, işğala və vəhşiliklərə rəğmən, Azərbaycan tərəfinin sülhün bölgənin gələcəyi üçün zəruri olduğuna inandığını bildirib. O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsinin indi gündəmdə olduğunu bildirib. Azərbaycanın irəli sürdüyü beş prinsipdən ibarət konkret təklif Ermənistan tərəfindən qəbul edilib və bununla da Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını, gələcəkdə də olmayacağını rəsmən bəyan edib. Azərbaycanın dövlət başçısı bunun münaqişədən sonrakı dövr üçün dönüş nöqtəsi hesab edildiyini və ölkəsinin danışıqları həmin beş prinsip əsasında davam etdirmək niyyətində olduğunu bildirib. Bundan başqa, Prezident İlham Əliyev hazırda hər iki ölkənin xarici işlər nazirləri və digər nazirləri tərəfindən işçi qruplarının yaradılması prosesinin getdiyini qeyd edərək, yaxın vaxtlarda konkret danışıqların başlanmalı olduğunu vurğulayıb, Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin yarana bilməsi imkanını diqqətə çatdırıb. Bunun vacibliyini Bayden də məktubunda qeyd edir və beləliklə Azərbaycan liderinin addımlarını təqdir edir.
Tahir TAĞIYEV