Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Bu məsələ ilə əlaqədar Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşləri olub, ondan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqları baş tutub, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşlər keçirilib.
Görüşlərün ümumi nəticəsində razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası və demarkasiyası üçün komissiyalar yaradılsın. Komissiyalar artıq yaradılıb. Ancaq bizim Prezidentin açıqlamasından sonra gördük ki, Ermənistan bu yöndə olan görüşlərə əvvəl razılıq verir, sonra imtina edir. Şahidi olduq ki, bu istiqamətdə fəaliyyət daha çox Brüssel görüşündın sonra oldu. Bu həm də onu göstərdi ki, artıq vasitəçilərin arasında rəqabət, mübarizə mühiti formalaşıb. Sonra məlumat verildi ki, Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyalarının iclasının bu həftə Moskvada keçirilməsi planlaşdırılır. Son anda məlum olub ki, bu görüş də baş tutmayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən bunları deyib:
“Düz deyirsiniz, görüş baş tutmadı. Amma sizi əmin edə bilərəm ki, biz bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə görüş baş tutacaq”.
Bunun ardınca məlum olub ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Bəllidir ki, Moskva komissiyaların iclasını Brüsselsiz etmək istəyirdi. Belə bir vəziyyətin yaranması Avropanın təşəbbüsü ələ aldığına işarə ola bilərmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, delimitasiya ilə bağlı Moskva görüşünün baş tutmaması, ola bilər, Rusiyanın hazırkı vəziyyətilə bağlıdır: “Ermənistanın özü də prosesi ləngitməkdə maraqlıdır. Çünki oradakı daxili vəziyyət çox gərgindir. Brüssel görüşü prosesi tam olaraq Avropa İttifaqının ələ alması ilə nəticələnməyəcək. Bu, olduqca çətindir. Çünki Soçi görüşündə qəbul edilmiş qərar var ki, ikitərəfli komissiya yaradılsın, Rusiya da orada vasitəçi olsun. Bu da onu deməyə əsas verir ki, Rusiyasız bu prosesi həll etmək çox çətindir, hətta deyərdim ki, qeyri-mümkündür. Brüssel bu prosesdə yardımçı qismində çıxış edə bilər. Nəticələrin əldə olunması baxımından Brüssel görüşünün əhəmiyyəti danılmazdır. Güman edirəm ki, Brüsseldə daha çox sülh sazişi ilə bağlı məsələ müzakirə oluna bilər. Ümidlərimizi üzməyək. Çünki hər Brüssel görüşündən sonra ümidverici nəticələr yaranır, sonra məlum olur ki, sevinməyə bir qədər tələsmişik. Yəqin ki, əldə ediləcək nəticələr ümidlərimizi bir qədər də artırar. Ermənistan da anlayır ki, sülhə getməkdən başqa yolu qalmayıb. Buna görə də, vasitəçilik səylərindən ortaq bir nəticə çıxaracaq”.
Məhəmmədəli QƏRİBLİ