Müharibənin məsuliyyətini Ermənistanı sanksiyalardan qoruyanlar daşımalıdır - Əliyev kəskin məntiqlə vurdu...

Tural İsmayılov: “Zamanında beynəlxalq qurumlar Ermənistanı cəzalandırsaydılar, bütün bunlar baş verməzdi”

img

“Əgər Ermənistana sanksiyalar, özü də ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin heç müharibə olmazdı”. Bunu Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Ölkə başçısı eyd edib ki, Azərbaycan danışıqlara sadiq qalsa da, bu sıfır nəticə verdi: “İkinci Qarabağ müharibəsinə gəldikdə, bildirmək istərdim ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi. Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi”.

Bütün bunlar həm də onu göstərir ki, zamanında Ermənistana sanksiya tətbiq etməyən beynəlxalq qurumlar baş verən müharibəyə görə məsuliyyət daşıyırlar.

  • “Müharibə nəticəsində minlərlə insan canından olmazdı”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Tural İsmayılovun fikrincə, cənab prezident sözügedən məqamı qeyd etməklə çox önəmli mesajlar verdi: “Məsələ ondadır ki, Ermənistanın uzun müddət işğal siyasətini davam etdirməsinin ən böyük səbəblərindən biri cəzasız qalması idi. Zamanında beynəlxalq qurumlar Ermənistanı cəzalandırsaydılar, bütün bunlar baş verməzdi. Müharibə nəticəsində minlərlə insan canından olmazdı. Beynəlxalq miqyasda adekvat reaksiyanın olmaması vəziyyəti bu həddə gətirib çıxartdı. Bu gün Ukrayna məsələsində haqlı olaraq beynəlxalq ictimayət, dövlətlər birlik nümayiş etdirirlər. Ancaq təəssüflər olsun ki, analoji münasibəti beynəlxalq birlik Ermənistana göstərmədi. Sadəcə, səssiz qalıb prosesləri izlədilər. Bu da öz növbəsində Ermənistanın daha da aqressivləşməsinə və işğalı davam etdirməsinə şərait yaratdı. Bu həm Cənubi Qafqazda qeyri-stabilliyə rəvac verdi, həm də bir sıra önəmli layihələrin icrasını yubatdı. Əfsuslar olsun ki, BMT-nin qətnamələri, bir sıra beynəlxalq təşkilatların qərarları Ermənistan tərəfindən icra edilmədi. Litva ilə yanaşı bir sıra Avropa dövlətləri siyasi qərarlarla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləsələr də, Ermənistanla münasibətlərdə Türkiyə və Pakistanın atdığı addımları atmadılar. Ona görə də düşünürəm ki, hazırkı situasiya əslində dünyaya Ermənistanın işğalçılıq siyasətini yenidən göstərmiş olur. Çünki Rusiyanın Ukrayna ərazilərinə daxil olması nəticəsində bunu özlərinə təhdid hesab edən Polşa, Litva, Estoniya kimi ölkələr Ermənistanın Azərbaycan ərazilərini işğal etmək faktının nə qədər dəhşətli bir beynəlxalq hüquq pozuntusu olduğunu indi daha yaxşı dərk edirlər”.

Bu baxımdan politoloq hesab edir ki, hansı ölkə olmasından asılı olmayaraq, işğal faktına göz yummaq olmaz.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər