Moskvada keçirilən KTMT sammitində Belarus prezidenti Aleksandr Lukaşenko müttəfiqlərinə Rusiyanı və Belarusu meydanda tək buraxdıqlarına görə uradını bilfirib: “Yanvar hadisələrindən fərqli olaraq, indi KTMT ölkələri lazımi birlik və qarşılıqlı yardım səviyyəsini nümayiş etdirmir.
Son hadisələr göstərir ki, bəlkə də mən səhv edirəm, KTMT-dəki ayrı-ayrı tərəfdaşlar bu təşkilata üzv olan digər dövlətlərin milli aviaşirkətlərinin uçuşlarına qadağa qoyur.
Konsolidasiya edilmiş Qərbin ən şiddətli quduz sanksiya təzyiqləri fonunda birlik və həmrəylik postulatları heç də həmişə işləmir. Təəssüf ki, bunu beynəlxalq təşkilatlarda səsvermə zamanı da görmək olar. Tərəfdaşlarımızın gizli razılığı ilə Qərb Belarus və Rusiyaya beynəlxalq həyatın bütün qanunlarına zidd olaraq böhtan atır”.
O, KTMT üzvlərini Qərbə qarşı daha sıx birləşməyin vacibliyinə inandırmağa çalışıb:
“Ölkələrimiz tezliklə birləşməsə, siyasi-iqtisadi-hərbi əlaqələrimiz gücləndirilməsə, sabah yox ola bilərik. NATO-nun genişlənməsinə qarşı Rusiya təkbaşına mübarizə aparmamalıdır.
Heç bir ölkəyə NATO təhlükə yaratmasa da, onlar Şərqi Avropada hərbi mövcudluqlarını genişləndirir, genişmiqyaslı təlimlər keçirirlər.
Əgər KTMT üzvləri vaxtında vahid cəbhədə birləşsəydilər, Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq olunmazdı”.
Lukaşenkonun bu narahatlığından hansı nəticəni çıxarmaq olar?
Rəşad Bayramov: “Belarusu indidən müharibəyə cəlb etmək istəyirlər”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lukaşenkonun bu tonda çıxışı yaranmış real situasiyaya tam adekvatdır:
“Ukrayna ilə müharibəyə başlayandan sonra BMT-də bu məsələ ilə bağlı səsvermələr olub. Müharibənin ilkin mərhələsində Rusiyanı səsvermədə dəstəkləyən ölkələrin sayı qısa müddət sonra yarıya qədər azaldı. Belarus prezidentinin özünün də ritorikası fərqlənməyə başlayıb. Əvvəl hətta Belarus Ukrayna ərazisinə hücum da etdi. Lukaşenko bunu etiraf etdi və dedi ki, belə bir “xüsusi əməliyyat” keçiriblər. Əslində isə bu başqa ölkənin ərazisinə edilən hücum idi. Yəni əvvəlki mərhələdə Ukrayna ilə açıq müharibəyə girən ölkə rəhbəri indi özünü ehtiyatlı aparır. Belarus prezidenti Lukaşenko bildirib ki, rəsmi Minsk Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının təcrübəsini nəzərə alaraq, ordusunu silahlandırmaq prinsiplərinə fərqli nəzər salır.
Bildirib ki, Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatı onlara çox şey öyrədib.
Lukaşenko deyib ki, Belarus Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının təcrübəsi əsasında öz qoşunlarını inkişaf etdirmək və təchizat baxımından dərs alır. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı onları ordunu silahlandırmaq prinsiplərinə yenidən baxmağa məcbur edib. Bunun özü peşmançılıq etirafıdır.
Belarusun şimal cəbhəsindən Ukraynaya daxil olmaq məsələsi və KTMT vasitəsilə bu prosesdə iştirakı gözlənilirdi. Ancaq sonra Lukaşenko bundan imtina etdi. Yəqin ki, bu və ya gələn ay Belarus müharibəyə qoşulmasa anti-Rusiya ritorikasına keçən Lukaşenkonu Rusiya cəbhəsində tapmaq mümkün olmayacaq. O həqiqətən də çevik siyasətçidir. Belarus prezidenti Rusiyanı istənilən anda və istənilən mərhələdə tək qoya bilər. Putin də bunu yaxşı bilir. Odur ki, Belarusu indidən müharibəyə cəlb etmək istəyirlər. Buna görə də, Lukaşenko KTMT-dəki digər ölkələrin də açıq şəkildə onlara dəstək ifadə etməsini tələb edir”.
Məhəmmədəli QƏRİBLİ