Qabil Hüseynli: “ABŞ kimi böyük bir dövlətin bu işə isti münasibət göstərməsi tərəflərə daha konstruktiv olmaq üçün əlavə stimul verir”

ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bir neçə gün əvvəl Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda olub və Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bundan sonra Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun da ABŞ-a gedəcəyi məsələsi gündəmə gəlib. Amerikadan gələn siqnallar da bundan xəbər verir ki, Vaşinqton bu səfərdə maraqlıdır. Brüssel və Moskvanın vasitəçilik cəhdlərindən sonra ABŞ-ın bu təşəbbüsü prosesə yeni nəsə verə bilərmi, yoxsa bu fəallıq “mən də varam” məqsədini daşıyır?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bu məsələdə təşəbbüsü əldən vermək istəmir: “Ancaq biz görürük ki, Qərb və ABŞ da bu istiqamətdə fəallığını artırır. Brüsseldə Avropa Birliyinin təşkilatçılığı ilə görüş baş tutdu. Çox ümidverici nəticələrə imza atıldı. Həmin görüşdən dərhal sonra Paşinyan Moskvaya çağırıldı və gəlib qeyri-konstruktiv mövqe sərgilədi.
Təsadüfi deyil ki, Rusiya heç bizim icazəmiz olmadan XİN-in nümayəndəsini həmsədr əvəzi bura vasitəçi təyin etdi. ABŞ da dərhal analoji addım atdı. Hazırda vəziyyət bir qədər fərqlidir. Rusiyanın mövqeyi beynəlxalq təşkilatlarda keçərli deyil. Az qala dünyanın hamısı Rusiya ilə müharibə aparır. Beynəlxalq münasibətlər sistemində tam təklənən Rusiya iradə yeridə bilmir. Bu baxımdan da, ABŞ-ın səsləndirdiyi fikirlər, vasitəçilik cəhdləri kifayət qədər pozitivdir. Bu fikirlər iki ölkə arasındakı sülh müqaviləsinin bağlanması, həm də digər məsələrin həllinə təkan verə bilər. Söhbət sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılmasından gedir. Hər iki ölkə arasındakı münasibətlərin normallaşmasına yalnız müsbət təkan verə bilər. Mənim zənnimcə, Brüssel görüşü və ondan sonrakı proseslər yaxşı start götürüb. ABŞ kimi böyük bir dövlətin bu işə isti münasibət göstərməsi tərəflərə daha konstruktiv olmaq üçün əlavə stimul verir. Hesab edirəm ki, ABŞ-ın bu jesti sülhə doğru addımları daha da sürətləndirəcək”.
Məhəmmədəli QƏRİBLİ