Paşinyan İrəvanda aksiya keçirənləri saymadı - baş nazir ölkəni tərk etdi…

Samir Adıgözəlli: “Real təhlükə hiss edilsəydi, o, ölkəni qəti tərk etməzdi”

img

Qarabağla bağlı sülh prosesində irəliləyiş olan kimi Ermənistanda kütləvi aksiyalara  start verildi.  İlk görünüşdən müxalifətin radikal kəsiminin aksiyası kimi qəbul edilən bu etirazlarda başqa çalarlar da görünür.

Ermənistan mediasında iddia olunur ki, kasıb rayon və əyalətlərdən avtobuslarla insanlar gətirilir, onlar müəyyən məbləğlər müqabilində etiraz aksiyalarında iştirak edirlər. Nə qışqıracaqları, nə oxuyacaqları onların heç vecinə də deyil. Onların aksiyaya qoşulması işə gəlmək kimidir. Yəni iddia olunur ki, bu məsələdə hakimiyyət resurslarından da istifadə edilir.

Sarkisyanın dövründə Moskvaya təzyiq göstərmək məqsədilə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə reallaşan Rusiya əleyhinə çoxlu mitinqlər olub – Rusiyadan pullar və s. qoparmaq üçün. Ola bilsin ki, bugünkü bir sıra etiraz aksiyaları da oxşar məzmun kəsb edir. Hətta bu aksiyalar şəxsən Paşinyanın maraqlarına uyğun edilir. O  təşəbbüskar olmasa belə. Məsələn, bu etirazlar Nikola xalq adından deməyə əsas verir ki, biz Ermənistanda baş verən hadisələrə görə Azərbaycanla danışıqları davam etdirə bilmərik. Ölkəsindəki etirazlara baxmayaraq, heç nə olmamış kimi Niderlanda iki günlük səfərə gedən Paşinyanın özünə inamı da buradan qaynaqlanır. Başa düşür ki, aksiyada iştirak edən adamlar onu devirmək iqtidarında deyil.

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı aksiyalar 24 il əvvəlki hadisələrə oxşayır: “1998-ci ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı. Bu istiqamətdə addımlar atılmaq ərəfədə idi. Ancaq 1998-ci ildə  o vaxtkı baş nazir Robert Köçəryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla  aralarında Qarabağ münaqişəsinin həlli ilə əlaqədar narazılıq yaranmışdı. Həmin qüvvələr Ermənistanda etiraz aksiyası təşkil edib Levon Ter-Petrosyanın istefasına nail oldular. Hakimiyyətə Robert Koçaryan gətirildi. 2008-ci ildə Ter-Petrosyan yenidən prezidentliyə namizədliyini irəli sürdü. Ancaq Köçəryan öz yerinə Sarkisyanın oturması üçün həmin il martın 1-də İrəvanda qan tökdü.

Müharibədən sonra təşkil edilən anti-hakimiyyət aksiyaları daha təhlükəli idi. Bu səbəbdən də, Paşinyan ona qarşı kütləvi etirazlardan sonra öz dəstəkçiləri ilə küçəyə çıxdı. İndi belə bir zərurəti görmürsə, deməli, mitinqlər imitasiyadan başqa nəsə deyil. Bu ehtimal doğrulmazsa neqativ ssenari yaşana bilər. Bu, ilk növbədə 10 noyabr üçtərəfli bəyanatının mahiyyətini itirməsi və sadəcə kağız parçasına dönməsindən tutmuş, Qarabağda yeni müharibənin alovlanmasınadək davam edə, hətta münaqişənin yeni arealının yaranmasına gedə bilər. Lakin bu ssenarinin gerçək olması birbaşa Rusiyanın münaqişəyə müdaxiləsini şərtləndirir. Ermənistanda aksiya edənlərin Rusiyaya bağlı qüvvələr olduğunu  nəzərə alsaq, onda hakimiyyətin devrilməsi planı olmadığını söyləyə bilərik. Çünki Rusiya istəyir ki, Paşinyan  öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Real təhlükə hiss edilsəydi, o, ölkəni qəti tərk etməzdi”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər