Müşahidələr göstərir ki, Rusiya Qarabağda “rus icması” kartını yenidən ortaya atmaq istəyir. Qeyd edək ki, bu ilin əvvəlində hakim “Vahid Rusiya” partiyasının üzvü, “rus icması” layihəsində aparıcı fiqur rolunu oynayan deputat Vitali Milanov Qarabağa qanunsuz səfər etdi. Onun Qarabağa səfəri Azərbaycanda ciddi etirazlara səbəb oldu. Azərbaycan rəsmi səviyyədə buna sərt etiraz edəndən sonra məsələ arxa plana keçdi. Ondan sonra bununla bağlı hansısa fəaliyyət nəzərə çarpmadı.
Ancaq bu arada yenidən sözügedən məsələ Rusiya tərəfindən ortaya atılır. Bu baxımdan qondarma rejimin rəhbəri Arayik Arutyunyanın sözdə "rus icması" və onun "rəhbəri" Aleksandr Bordovla görüşü müəyyən təxribatlardan xəbər verir. Qarabağdakı "rus icmasının" həyatına toxunan Arutyunyan onun daim "dövlətin diqqət mərkəzində olduğunu" qeyd edib. Bildirilib ki, Azərbaycanın qanuni ərazilərində saxta yolla rus dilinə "rəsmi status" verildikdən sonra burada "Rus Mədəniyyəti Evlərinin açılması, onların lazımi əmlak və avadanlıqla təchiz edilməsi, o cümlədən rus dilini populyarlaşdırmaq və öyrənmək üçün müxtəlif mədəniyyət proqramlarının həyata keçirilməsi" planlaşdırılır.
Qarabağda “rus icması” var ki, bir belə tədbirlər keçirilsin? İndiki məqamda bunun ortaya atılması nə məqsəd güdür?
“Nə etsələr də öz məqsədlərinə çata bilməyəcəklər”
Məsələyə münasibət bidirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bütün bunlar Rusiyanın Qarabağda daimi qalmaq cəhdlərinin tərkib hissəsidir: “Əvvəla, Rusiyanın dövlət siyasəti işğalçılıq, əraziləri başqaları hesabına genişləndirmək üzərində qurulub. Əfsuslar olsun ki, indinin özündə də bu siyasət davam edir. Yəni Birinci Piyotr dövründən qalma köhnə işğalçılıq iddialarından əl çəkmirlər. Söhbət ondan gedir ki, hazırda Rusiya SSRİ dövründə olan əraziləri geri qaytarmaq istəyir. Bunların imkanı olsa Avropanı, İstanbulu da tutarlar. Ukraynada Qərb Rusiyanı əzir, dünya bunların əleyhinədir, amma bunlar utanmadan köhnə işğalçılıq ambisiyalarından əl çəkmirlər. Yenə də həyasızcasına köhnə iddialarla çıxış edirlər. Yenidən “rus icması” kartının ortaya atılması onu göstərir ki, Rusiya Qarabağdan çıxmaq istəmir. Bütün bu oyunlar məhz buna hesablanıb. Ona görə də belə təxribatlarla üzləşirik. Çünki sülhməramlıların qalma vaxtı daralır. Hamı yaxşı bilir ki, Qarabağda “rus icması” deyilən bir şey yoxdur. Ancaq Kreml nə etsə də Azərbaycan ərazisindən çıxacaq. Bəlli məsələdir ki, Qarabağda erməni separatçılarını saxlayan, himayə edən Rusiyadır. Üstəlik, rus media vasitələri separatçılıq əhval-ruhiyəsini daim gündəmdə saxlamağa cəhd edirlər. Hər cür onlara mənəvi dəstək verirlər. Müharibə dövründə də bunun şahidi olduq. Ancaq nə etsələr də öz məqsədlərinə çata bilməyəcəklər. Çünki Ukrayna hadisələri fonunda dünyada gedən proseslər Rusiyanın əleyhinə işləyir”.
Bu baxımdan partiya sədri hesab edir ki, Qarabağda “rus icması” oyunu nəyisə dəyişə bilməyəcək.
Vidadi ORDAHALLI