Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanacaq. Maraqlıdır ki, belə bir sənədin imzalanması Ukrayna ilə bağlı gərgin proseslərin getdiyi dönəmə təsadüf edir. Rusiya faktiki olaraq Ukraynaya meydan oxuyur və bu yöndə lazım olan addımları çəkinmədən atır. Belə bir həlledici məqamda Rusiya ilə Azərbaycan arasında strateji dostluq sənədinin imzalanması Ukraynada yaşayan soydaşlarımıza münasibəti mənfi mənada dəyişə bilərmi?
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ukraynada bizim çoxlu sayda soydaşımız yaşayır: “Keçmiş SSRİ məkanında bizim Rusiyadan sonra ən böyük diasporumuz məhz Ukraynadadır. Təbiidir ki, həmin ölkə üçün ağır keçən bu dönəmdə biz soydaşlarımızın vəziyyəti ilə dərindən maraqlanmalıyıq. Ukraynada yaşayan azərbaycanlılar həmin ölkənin ictimai-siyasi həyatında çox fəallıq göstərirlər. Azərbaycanın siyasi rəhbərliyi ilə həmin ölkənin rəhbərləri arasında mehriban dostluq münasibətləri var. Rusiya ilə imzalanacaq sənəd konkret hansı sahələri əhatə edəcək? Bu barədə dəqiq məlumat yoxdur. Buna görə də, indidən hansısa mülahizələri irəli sürmək lazım deyil. İstənilən halda, həmin sənəd Ukraynaya qarşı yönəlmir. Sadəcə, iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasını özündə ehtiva edəcək. Hansısa başqa ölkəyə yönəlik olmayan bir sənədin imzalanması bizim söydaşlarımızı narahat edə bilməz. Rusiyadan əvvəl İlham Əliyev Ukraynaya səfər etdi. Dövlətlərarası münasibətlərdə çoxvektorlu siyasət kursu normal qarşılanır. Azərbaycan “Krım platforması” adlı tədbirdə iştirak etmədi. Gördünüz ki, Ukrayna ilə münasibətlər olduğu kimi qaldı. Bu baxımdan da, Rusiya ilə aramızda olan hansısa münasibətin Ukraynadakı soydaşlarımıza heç bir təsiri olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ