Bəyannamə kifayət qədər genişdir, 40-dan çox bəndi var, qarşılıqlı fəaliyyətimizin ən vacib sahələrini əhatə edir və ikitərəfli münasibətlərimizin gələcəyi üçün vacib əhəmiyyət daşıyacaq.
Bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" bəyannamənin planlaşdırılan imzalanması barədə danışarkən deyib.
Dövlət başçısı bildirib:
"Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun".