Ukrayna ilə bağlı gözlənilən ən pis variantlardan biri oldu, Putin Ukraynada özünü bəyan etmiş iki yalançı respublikanı tanıdı. Sonra nə baş verəcək?
Ortada 2008-ci il Gürcüstan ssenarisinin işə düşdüyünü xatırladan əlamətlər var. 2008-ci ildə də Fransanın (Sarkozinin) vasitəçilik cəhdi tam lazımi nəticəni vermədi. Rusiya yalançı respublikalar olan Abxaziya və Cənubi Osetiyanı tanıyaraq onlarla saziş imzaladı, ardınca hətta Bəşər Əsəd də bu hərəkəti təkrarlayan yeganə dövlət başçısı oldu. Beləliklə, Gürcüstan özünün ata-baba iki torpağını itirmək bahasına Qərblə inteqrasiya yolu tutdu. Proses bu gün də davam edir...
Oxşar proses Ukraynada başlayıb. Bundan sonra ən zəif ehtimal odur ki, Ukrayna - Rusiya müharibəsi qızışacaq. Ən real variant isə odur ki, BMT TŞ-nin təcili toplantısı çağırılaraq Rusiyanın hərəkəti pislənəcək, Rusiyanın təcavüzkar adlandırılmasında bir qədər təmkin göstərilə bilər, Krımı, Donbas və Luqanskı itirmiş Ukraynanın qalan hissəsinin Qərbə inteqrasiyası sürətləndiriləcək, mümkündür ki, ona NATO-ya üzvlük planı təqdim edilsin, Rusiyaya sanksiyalar kəskinləşdiriləcək, hədə-qorxu ritorikasında yeni səhifə açılacaq, Ukrayna məsələsi ətrafında uzun bir dövr üçün gərginlik başlayır. Qərbin lazımi dəstəyi verməyəcəyi halda isə hətta Gürcüstanda olduğu kimi "məxməri çevrilişlə" İvanişviliyə oxşar bir "şikəst oliqarx demokratı" tapıb Zelenskinin yerinə hakimiyyətə gətirilməsi də mümkündür...
Aydın QULİYEV