Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvətilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər edib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, Rusiya KİV-ində Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanacağı ilə bağlı məlumatlar yayılıb. Trend-in əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" bəyannamənin imzalanması nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanan səfərdir. Azəbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanması ilə bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.
Qeyd edək ki, 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanmışdı. İndi isə Şuşa bəyannaməsinə oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilir. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Buna görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil.
Baki-xeber.com