Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlıları qanunsuz əməllərini, qıcıq doğuran hərəkətlərini davam etdirir. Demək olar ki, hər gün onların növbənöv hoqqaları ilə tanış oluruq. Hazırda ermənilərin yaşadığı ərazidə baş verən elə bir təxribat yoxdur ki, onun içindən, yaxud arxasından rus sülhməramlıları çıxmasın. Onlar bu hərəkətləri sanki qəsdən edirlər və bununla Azərbaycan xalqının əsəblərini tarıma çəkirlər. Xankəndidə və Xocalıda separatçılar özbaşlarına müxtəlif işlər görür və buna da rus sülhməramlıları açıq dəstək verir.
Bu gün Qarabağdakı separatçılar qondarma “Artsax hərəkatının” 34 illiyini qeyd edirlər. Bu azmış kimi, onlar Xankəndidə bir "işğal muzeyi" də yaradıblar, burada da qondarma “Artsaxla” bağlı qondarma tədbirlər keçirirlər. “Artsax hərəkatının” 34 illiyi münasibətilə həmin o muzeydə sərgi açıblar və “Artsax hərəkatının” keçdiyi “yolla” bağlı stendlər quraşdırıb, digər separatçı əməllər sərgiləyir, hansısa “işğal” məsələsini əks etdirməyə çalışırlar. Erməni separatçıları öz əməllərindən qalmayaraq, hətta qondarma mübarizələrini əks etdirən muzey də düzüb-qoşublar. Dünən yayılan məlumata görə, Xankəndidəki bu “muzeydə” keçirilən sərgidə rus sülhməramlıları da iştirak edib və onlar “muzeyi” “ziyarət” ediblər.
“Özünü sülhməramlı adlandıranlar separatçıların dəyirmanına su tökməyə son qoymalıdır”
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı Xəbər”ə bildirdi ki, birincisi, o "muzeyin" özü qanunsuzdur, ikincisi isə bu, sülhməramlıların özbaşınalığını göstərir: “Rusiyanın Xankəndi və ətraf ərazidəki sülhməramlı qüvvələri sülhməramlılara aid olan vəzifələrdən, öhdəliklərdən, funksiyalardan kənara çıxırlar. Onların öz vəzifə hədlərini açması bu məsələyə obyektiv yanaşan istənilən şəxsdə belə bir təəssürat yaradır ki, onlar ancaq erməniləri Azərbaycandan “qorumaq” üçün gəliblər. Azərbaycan öz ərazisində yaşayan dinc ermənilərə qarşı heç bir hərəkət, hərbi akt, əməliyyat həyata keçirmir. Amma Rusiya sülhməramlıları həm də belə bir görüntü yaratmağa çalışırlar ki, guya Qarabağdakı ermənilərə qarşı hansısa “təhlükə” var, yaxud ola bilər. Rus sülhməramlılarının sepatatçıların yaratdığı qondarma "muzeyi" "ziyarət" etməsi onu göstərir ki, separatçılara dəstək verirlər və onlar da sülhməramlılara arxayın olaraq bu cür qanunsuz işlərlə məşğul olurlar. Sülhməramlıların qondarma “Artsax hərəkatına” isti yanaşması onların əsl niyyətlərini ortaya qoyur və bizdə haqlı qıcıq yaradır”.
M.Göyüşlü vurğuladı ki, sülhməramlılar bundan əvvəl də orada bir sıra xoşagəlməzliklərə imza atıb. Onların bu addımlarının üçtərəfli bəyanata tamamilə zidd olduğunu deyən siyasi şərhçinin sözlərinə görə, bu həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. “Özünü sülhməramlı adlandıranlar separatçıların dəyirmanına su tökməyə son qoymalıdır. Rusiya nəhayət, bu cür narahatlıq doğuran və qıcıq yaradan hallara son qoymalıdır ki, separatçılar bu qədər əl-qol aça bilməsinlər. Separatçılar o “muzeyi” özbaşına yaratmayıb, o “sərgini” özbaşına keçirmir ki, bunları Rusiyaya arxalanıb ediblər. Rus sülhməramlıları saxta “Artsax hərəkatının” 34 illiyi ilə bağlı keçirilən qondarma, saxta sərgiyə məqsədli şəkildə gediblər. Bu gün separatçılar sülhməramlılara arxalanıb hər cür təxribatlara əl atırlar. Hesab edirəm ki, rus sülhməramlıları bu cür təxribatlara rəvac verməkdənsə, Qarabağda yaşayan və qanunla Azərbaycan vətəndaşı olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasında mühüm rol oynamalıdır. Amma onlar bunu etmirlər. Orada yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onlar gec-tez Azərbaycan qanunları çərçivəsində Azərbaycan vətəndaşları olaraq yaşayacaqlar”- deyə M. Göyüşlü vurğuladı.
İradə SARIYEVA