Qarabağda rus icmasının üzvlərinə rəqəmsal və kağız üzərində qeydiyyat şəhadətnamələrinin verilməsinə başlanılıb. Regnum.ru agentliyinin verdiyi məlumata görə, bu barədə fevralın 17-də “Armenian Vendetta” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, rəqəmsal və kağız qeydiyyat şəhadətnamələri ilk növbədə 1992-ci il fevralın 6-dan əvvəl Rusiya ərazisində anadan olmuş “DQR”-in rus icmasının üzvlərinə, habelə valideynlərindən ən azı biri 1992-ci ildə anadan olmuş şəxslərə verilir. Yəni Qarabağda növbəti özbaşınalıq həyata keçirilir və qanunsuz olaraq rus icmasının təmsilçilərinə “sənəd” paylanır.
“Bu təbliğatın arxasında əsasən Rusiyadakı erməni havadarları dayanır”
Siyasi şərhçi Azər Həsrət bildirir ki, Qarabağ ərazisində rus icması deyilən bir icma yoxdur və bu, ermənilər tərəfindən süni şəkildə yaradılmış bir qrup insandır:”Əlbəttə, hər kəs bilir ki, Qarabağ ərazisində rus icması deyilən bir icma yoxdur. Ermənistanın işğalı altında olduğu dövrdə Qarabağda yalnız ermənilər yaşayıb. Və 44 günlük savaşdan sonra o ermənilərin böyük bir hissəsi ümumiyyətlə Azərbaycan torpaqlarını tərk edib gedib, yerdə qalanlar da əsasən Xankəndi mərkəz olmaqla kiçik bir ərazidə yaşayır. Orada yaşayan ermənilərdir və hər hansı bir rus icmasından söhbət gedə bilməz. Bu bir. İkincisi, ümumiyyətlə Azərbaycanda rus icmasının heç bir problemi yoxdur. Onlar təşkilatlanıblar, sərbəst şəkildə ölkə ərazisində fəaliyyət də göstərirlər, dövlət də onların icmasını tanıyır. Üstəlik də, onların icmasının rəhbəri Milli Məclisdə təmsil olunur. Əlbəttə, icma adından təmsil olunmur, amma parlamentdə oturur. Yəni Azərbaycanda rusların hər hansı bir problemi haqqında ümumiyyətlə danışmaq olmaz. Amma bunun fonunda Qarabağda separatçıların rus icması təşkil etməsi və onlara vəsiqələr paylaması, əlbəttə boş, nəticəsi olmayan bir təbliğatdır. Bu təbliğatın arxasında əsasən Rusiyadakı erməni havadarları dayanır. Separatçılar Qarabağda yaşayan 3-5 rusu “rus icmasının” üzvü kimi qələmə verib onlara kağız və rəqəmsal vəsiqələri özbaşlarına paylamırlar, bunu xüsusi tapşırıq əsasında edirlər”.
A.Həsrətin qeyd etdiyinə görə, eyni zamanda separatçılar göstərmək istəyirlər ki, guya ruslara belə şərait yaradırlar, qayğıkeş yanaşırlar. “Amma bir şeyi unudurlar ki, SSRİ dağılandan sonra nəinki Qarabağda, heç Qarabağı işğalda saxlayan Ermənistanın özündə belə ruslar qalmayıb. Yəni Ermənistan bu gün dünyada monoetnik dövlət kimi tanınır. Bu ölkənin əhalisinin 98 faizi ermənidir. Burada hər hansı etnik icmadan söhbət gedə bilməz. Ermənistanda vəziyyət belə olduğu halda Qarabağda hansısa rus icmasından danışmaq gülünc bir şeydir. Bu, sadəcə olaraq təbliğata hesablanıb. Amma onlar dediyim gerçəklikləri unuudublar. Unudublar ki, bütün dünya bilir Qarabağda rus icması yoxdur. Qarabağda qarışıq ailələrdə 3-5 nəfər rus ola bilər, amma bu, rus icması demək deyil...”- deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA