Dəmir yumruqla əzilmiş qondarma “Arsax”ın separatçı tör-töküntüləri gündə bir şou göstərirlər. Özlərini elə aparırlar ki, guya bunların “hakimiyyəti” var və istədiklərini edə bilərlər. Çox təəssüflər olsun ki, separatçı qalıqlarının hər cür oyunlarına bölgədə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları da seyrçi qalır. Separatçılar gündə bir nağıl uydurub onun havasına yaşayır, bəzən “cəsarətli” çağırışlar da edirlər. Separatçılar indi də qondarma “Dirçəliş günü” “bəyanatı” yayıblar. “Bəyanatda” separatçı tör-töküntüləri ATƏT-in Minsk Qrupunun həmsədrlərini “ Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası üçün təcili addımlar atmağa çağırır”.
Separatçılara bu cəsarəti kim verir ki, onlar danışıqları “bərpa etməsi” üçün ATƏT-in Minsk Qrupuna müraciət edirlər? Olmayan “Arsax parlamenti” hansı üzlə, hansı əsasla ATƏT-in Minsk Qrupuna müraciət edib? Onlar kimdirlər ki, “danışıqlar prosesi bərpa olunsun”, “həmsədrlərin fəaliyyəti bərpa olunsun”, bunun üçün “ATƏT tərəfindən təcili addımlar atılmalıdır” desinlər?
“Dünənə qədər ATƏT-in Minsk Qrupunun bütün danışıqlarını sabotaj edən ermənilər indi elə bir vəziyyətə düşüblər ki...”
Politoloq Mehman İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, birincisi, Qarabağda yaşayan ermənilərin 1988-ci ilin 20 fevralında qəbul etdiyi qərar legitim deyil, onların buna heç bir hüquqi əsası yox idi: “Onların nə dünən, nə də bu gün Azərbaycan Respublikasının tərkibindən çıxmağa heç bir hüququ əsasları olmayıb. Ermənilərin belə bir hüququnun olması heç bir konstitusion aktda nəzərdə tutulmamışdı. İkincisi, “Arsax” adında heç bir bölgə yoxdur, bu, ermənilərin uydurduğu separatçı bir düşərgədir. Azərbaycanın Qarabağ iqtisadi zonası, Qarabağ bölgəsi var ki, onu 1923-cü ilin 7 iyulunda bolşevik-kommunust sürüsü erməni muxtariyyəti yaratmaq üçün süni bir qurum meydana gətirmişdilər. Üçüncüsü, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparılması Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin, münaqişənin sülh yolu ilə həlli üçün nəzərdə tutulmuşdu. Azərbaycan Ermənistan qoşunlarını öz ərazilərindən çıxarıb və öz ərazilərinin üzərində suveren hüquqlarını bərpa edib. Ona görə də ATƏT-in hansı danışıqları, kiminlə kimin danışıqlarını aparacağı məlum deyil və təbiidir ki, artıq o prediment ortada yoxdur”.
M.İsmayılovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılan ATƏT-in Mİnsk Qrupu artıq özünün real gücünü, funksiyasını itirib. “Qarabağ Azərbaycanın tərkib hissəsidir və oradakı separatist düşərgə, o oyuncaq qurum indi çabalar göstərir, özünü legitimləşdirmək istəyir. Dünənə qədər ATƏT-in Minsk Qrupunun bütün danışıqlarını sobataj edən ermənilər indi elə bir vəziyyətə düşüblər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparılmasını özləri üçün böyük bir “qələbə” hesab edirlər. Bu digər tərəfdən də Ermənistanın çıxılmaz, müşkül bir vəziyyətə düşdüyünü göstərir. Çünki Azərbaycan haqlı danışıqlar aparılmasını rədd edir. Azərbaycanın Minsk Qrupunun vasitəçiliyi ilə danışacağı heç bir hüquqi mövzu yoxdur, Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib və yerdə oyuncaq qurum və separatçılar qalıb ki, onlar Rusiya “sülhməramlıları” adlandırdığımız qüvvələrin nəzarət zonasında yerləşir. Separatçıların qopardığı bu hay-küy yalnız özlərinə diqqəti cəlb etmək, bu cür “müraciətlər” etməklə Qarabağdakı separatçı ermənilərin Azərbaycan ərazisini tərk etməsinin qarşısını almaq məqsədi güdür. Bu onların bütün gücləri ilə o separatçı yuvanı qorumaq üçün etdikləri cəhdlərdir ki, bunun da arxasında birmənalı şəkildə Rusiya durur. Rusiyanın siyasi qurumları, Rusiyanın strateji institutları, hərbi maşını bütün gücü ilə Azərbaycanın və digər postsovet respublikalarının ərazisində olan separatçı qurumları qorumağa çalışırlar. Onların atdığı bütün addımların - o sabotajın, Azərbaycanın sinir sistemini daima qıcıqlandıranların araxasında hər zaman Moskva dayanıb, indi də Moskva dayanır. Amma bütün bunlar boş cəhdlərdir. Çünki biz “Arsax” adında inzibati ərazi tanımırıq. Bizim Qarabağ iqtisadi zonamız var və Azərbaycanın inzibati ərazi bölgüsünü yalnız Azərbaycan dövləti, hökuməti həyata keçirir. Kimsə bura başqa adlar düşünə, uydura, özünə istənilən adı verə bilər ki, bunun da heç bir əhəmiyyəti yoxdur. Bunlar heç bir perspektivi olmayan addımlardır” - deyə M.İsmayılov qeyd etdi.
İradə SARIYEVA