Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində ilk növbədə insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır.
Bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib: "Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu nəzərə alınmalıdır”.
Doğrudan da, kadrlar İlham Əliyevin sadaladığı bu parametrlər üzrə təyin edilsə, hansı nəticələr əldə edilə bilər?
Samir Adıgözəlli: “Kadr siyasətində Prezidentin sadaladığı neqativliklər aradan qaldırılsa, vəziyyət çox dəyişər”
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, cənab Prezidentin bu açıqlaması bir daha məmurların kadr siyasətində özfəaliyyətlə məşğul olduqlarını ortaya qoydu: “ Mən şəxsən öz təcrübəmdə də bunu hiss etmişəm. Ən gənc yaşlarımdan ictimai-siyasi sektordayam. 30 ilə yaxındır ki, fəaliyyətimdə dövləti və milli maraqları müdafiə edirəm. Ancaq bu gün nə evim var, nə də normal işlə təmin olunmuşam. Dəfələrlə müraciət etmişəm ki, mən öz təcrübəmi, enerjimi dövlət işində daha yaxşı reallaşdırıb, fayda verə bilərəm. Ancaq heç bir müsbət cavab verilməyib. Bu amil məni qətiyyən ruhdan salmayıb. Çünki bilmişəm ki, bu cür neqativliklər Prezidentdən xəbərsiz həyata keçirilir. Ölkə başçısının bu açıqlaması bizi bir daha ruhlandırdı. Hesab edirəm ki, məmurlar, kadr siyasətinə məsul şəxslər Prezidentin bu ciddi xəbərdarlığından düzgün nəticə çıxarmalıdır. Mən əminəm ki, kadr siyasətində Prezidentin sadaladığı neqativliklər aradan qaldırılsa, vəziyyət çox dəyişər. Ölkəmizin bütün sahələr üzrə göstəriciləri müsbətə doğru daha da dəyişər”.
Məhəmmədəli QƏRİBLİ