Xankəndidəki separatçı-terrorçu rejimin “parlamenti” “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi”ni birinci oxunuşda qəbul edib. Qondarma “qanun”a Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonu daxildir. Terrorçu rejimin bu “qanunu” praktiki olaraq əhəmiyyətsizdir.
Özləri də praktikada necə tətbiq edəcəklərini bilmədiklərini deyir. Lakin qondarma “qanun”dan Qarabağın “statusu” məsələsində istifadə etmək istədikləri bəllidir. Bunun fonunda separatçılar hərbi müstəvidə də fəaliyyətini genişləndirir. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması təsdiq edir ki, erməni terrorçular kənd təsərrüfatı işləri adı ilə səngər qazmağa çalışıblar. Bu cəhdin qarşısı alınıb, lakin rus sülhməramlılarının dayandığı mövqelərdən başqa, erməni terrorçuların postlarının olduğu da məlum məsələdir və bu postlarda mühəndis-istehkam işləri həyata keçirilir. Separatçı rejim Qarabağda mülki ermənilərin də silahlandırılması istiqamətində işləyir. Qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın təşəbbüsü ilə mülki ermənilər hərbi təlimlərə cəlb olunacaq. Fevral-may ayları olmaqla 3 ay davam edəcək təlimlərdə atəş hazırlığı üzrə dərslər keçiriləcək.
Təlimlərin önümüzdəki 3 ay müddətində nəzərdə tutulması isə separatçıların cari dövrə hazırlaşdığından xəbər verir: mümkündür ki, terrorçu rejim Azərbaycanın hərbi müstəvidə ata biləcəyi addımların qorxusu ilə silahlı dəstələrini gücləndirir.
Məqsəd Azərbaycan tərəfini qıcıqlandırmaq və aqressiv hərəkətlərə məcbur etməkdir
Lakin qondarma “qanunun” qəbulu və azad olunan ərazilərin yenidən işğal edilməsi planı separatçı-terrorçu rejimin təlimlər zamanı, xüsusilə yaz-yay aylarında Azərbaycan Ordusunun hazırda dayandığı mövqelərə təxribat hücumları həyata keçirə biləcəyini də istisna etmir. Erməni əhalinin silahlanması və mümkün təxribatlara qoşulması “əhali öz müqəddəratını təyin etmək istəyir” məsələsinin aktullaşmasına şərait yarada bilər və bu, rusların da “təhlükəsizliyi qorumaq” adı ilə bölgədə qalması imkanlarını artırır.
Məqsəd Azərbaycan tərəfini qıcıqlandırmaq və aqressiv hərəkətlərə məcbur etməkdir. Analitik vurğulayıb ki, separatçılar tarix səhnəsindən silindiklərini qəbul etmək istəmir: “Hər vəchlə çalışırlar ki, özlərini xatırlatsınlar. Məhz ona görə mütəmadi “hərbi təlimlər” keçirir, “səfərbərlik elan edir”, yaxud səngər qazırlar. Belə təxribatlar gözləniləndir.
Burada separatçıların “özünütəsdiqindən” başqa Rusiya amili də var. Sülhməramlılar separatçıların qanunsuz hərəkətlərinə göz yummaqla bir növ təşkilatçı rolunda çıxış edirlər. Şuşa Bəyannaməsindən sonra Azərbaycanın ərazi bütövlüyünün qarantı həm də qardaş Türkiyədir. Rəsmi Bakı Türkiyə ilə birlikdə həm xarici siyasətini, həm də təhlükəsizliyini koordinasiya edir. Bunlar Rusiya üçün narahatedici amillərdir.
Sonuncu təxribatlar onu göstərir ki, Ermənistan Azərbaycan ərazisinin bütövlüyünü tanımaq istəmir. Beləliklə, Ermənistan bundan boyun qaçırmaq üçün təxribatlar törədir ki, sərhəd deyil, təmas xətti olsun, Azərbaycanın ərazi və suverenliyini tanımasın. Hazırda Ermənistanda qarşıdurmalar, böyük diskussiyalar var, ona görə də bu, ermənilər üçün prinsipial mövzudur. Bunun üçün də belə bir yol seçiblər ki, təmas xətti formalaşdırıb, ora hansısa vasitəçiləri, missiyaçıları gətirib, onların arxasında öz məkrli siyasətlərini davam etsinlər. Yəni məqsəd budur və onlar indi bunu icra edirlər.
Tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik
Əslində bəllidir ki, onlar bunu qorxaraq edirlər. Çünki başa düşürlər ki, təxribata davam etsələr Azərbaycan tərəfi onlara qarşı öz geniş, onlardan dəfələrlə yüksək səviyyədə olan hərbi imkanlarından istifadə edərək, zərbələr vura bilər. Lakin qeyd etdiyim kimi, onlar istəyirlər ki, kiminsə arxasında gizlənib, özlərinə təhlükəsizlik təminatı yaradıb Qarabağ siyasətinə davam etsinlər.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş bölgələrə səfərləri mühüm tarixi əhəmiyyətə malikdir. Çünki həmin ərazilərdə görülən işlər, elektrik stansiyalarının açılışı, çəkilən yollar, tunellər və digər zəruri infrastruktur layihələri fonunda verilən mesajın yükü olduqca böyükdür.
Cənab Prezidentin etdiyi səfərlər bu proqramın icra vəziyyətini bir daha açıq nümayiş etdirir. Azərbaycanı heç bir qüvvə bu yoldan çəkindirə bilməz. “Böyük Qayıdış” siyasəti elə bir güclə həyata keçirilir ki, bunun qarşısını heç bir qüvvə kəsə bilməz.
Yaxın onillikdə Qarabağ ərazisi həm yerli, həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. Əvvəlcə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur. Hazırda baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur.
Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.