Ermənistan rəsmən müharibə dövründə Azərbaycan kəşfiyyatının böyük uğurlarını etiraf etdi. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti İkinci Qarabağ müharibəsi dövründə erməni hərbçilərin Azərbaycanın xeyrinə kütləvi casusluq etdiyini bəyan edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti mətbuat xidmətinin məlumatına görə, onlarla erməni hərbçi Azərbaycanın agenti olub və Bakının tapşırığı ilə müharibədə iştirak edib. Onlar döyüş əməliyyatları zonasından hərbi xarakterli məlumatları Azərbaycana ötürüblər: “Nəticədə müharibənin qızğın vaxtında düşmən erməni qoşunlarının növləri və sayı, hərbi texnika, taktika barədə və digər dəqiq məlumatlar alıb. Bunun nəticəsində düşmən pilotsuz təyyarələr və artilleriya vasitəsilə erməni qoşunlarını sıradan çıxarıb. Azərbaycanın agentura şəbəkəsinə Ermənistan və Qarabağda hərbi hissələrdə olan keçmiş və fəaliyyətdə olan hərbi qulluqçular cəlb edilib, onlar hərbi postlara daxil olub qoşun və texnikanın hərəkətinin gizli qeydlərini apararaq Azərbaycan tərəfinə ötürüblər”.
O da məlum olub ki, casusluğa görə istintaqa 20 nəfər cəlb olunub, onlardan 14-ü həbs edilib.
Məlum olur ki, Ermənistan təkcə hərb meydanında Azərbaycana məğlub olmayıb. O cümlədən, kəşfiyyat sahəsində də uduzub. Zatən müharibə dövründə cəbhə bölgəsində Azərbaycanın kəşfiyyat orqanlarının çox uğurlu fəaliyyəti ilə bağlı məlumatlar var idi. Ermənistan tərəfi bu açıqlaması ilə rəsmən bu sahədə də Azərbaycana uduzduğunu etiraf etmiş oldu.
“Ermənistan ordusunun psixoloji baxımdan sarsılmasında, digər məsələlərdə peşəkarlıq göstəriblər”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, kəşfiyyat döyüşün nüvəsini təşkil edir: “O cümlədən, döyüşün əsas tərkib hissələrindən biridir. Kəşfiyyat xarakter etibari ilə nə deməkdir? Cəbhə xəttində kəşfiyyat işləri aparırsan, düşmənin dislokasiya yerini, cəbbəxanasını, potensialını və s. müəyyən edirsən. Ona görə də kəşfiyyat döyüşün nüvəsini təşkil edir. Yəni düşmənin hərbi və taktiki baxımdan hansı imkanlara malik olduğunu müəyyən edirsən. İkincisi, kəşfiyyat elə bir sahədir ki, daim aktiv fazada olur. Bu barədə çox şeyi demək və yazmaq olmur. Üçüncüsü, Azərbaycan Ordusu bütün sahələrdə, o cümlədən kəşfiyyat sahəsində də Ermənistan ordusundan üstün olub. İkinci Qarabağ müharibəsi zamanı bir daha biz bunu gördük. Bizim kəşfiyyat döyüşlər zamanı çox ciddi uğurlara imza atıb. Ermənistan ordusunun psixoloji baxımdan sarsılmasında, digər məsələlərdə peşəkarlıq göstəriblər. Nəzərə almaq lazımdır ki, kəşfiyyat döyüşün taleyinin müəyyən olunmasında çox mühüm rol oynayır. Çünki bu sahədə bir dəqiqə gecikmək və yaxud da tələsmək əks nəticələr verə bilər”.
Bu baxımdan hərbi ekspert hesab edir ki, müharibədə kəşfiyyatımız son dərəcə səmərəli fəaliyyət göstərib.
Vidadi ORDAHALLI