Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, rusiyalı sülhməramlılar Qırmızı Bazarda erməni uşaqlara hərbi dərs keçib.
Qarabağın Qırmızı Bazar kəndinin məktəbində uşaqlara əvvəllər döyüş əməliyyatlarının aparıldığı ərazilərdə çoxlu sayda partlayıcı əşyaların olması ilə bağlı təhlükənin artmasından və ilkin tibbi yardımın necə göstərilməsindən danışılıb.
“Qaynarinfo”nun məlumatına görə, Rusiya sülhməramlıları “Sülhməramlının dərsi” maarifləndirici kampaniyası zamanı “Dağlıq Qarabağ”ın Martuni rayonunun Qırmızı Bazar (Karmir Şuka. – qondarma erməni adını RF MN mötərizədə qeyd edib. – Q.) kənd orta məktəbində interaktiv dərs keçib.
Mühazirə zamanı Rusiya sülhməramlı kontingentinin hərbçiləri uşaqlara sülhməramlıların əsas vəzifələri, Rusiyada və dünyada sülhməramlı qüvvələrin yaradılması tarixi haqqında məlumat veriblər.
Rus istehkamçıları ərazinin necə təmizləndiyini nümayiş etdirib, mina detektorunun necə işlədiyini göstərib və özlərini əsl sülhməramlılar kimi hiss etmələri məqsədilə onlara avadanlıqları sınaqdan keçirmələri üçün veriblər. “Sizə minnətdarıq ki, gəldiniz, bizi unutmadınız, bizi diqqət mərkəzində saxlayırsınız və bizə göstərdiyiniz hər şey uşaqlarımız üçün çox faydalıdır və buna ehtiyacımız var, çünki belə bir vəziyyətdə yaşayırıq, bura elə bir yerdir ki, biz bunu bilməliyik”, - rus dili müəllimi Helen Kavasyan bildirib.
Rusiya prezidenti, Ermənistan baş naziri və Azərbaycan prezidentinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 2020-ci il noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-dan etibarən Qarabağda tam atəşkəs elan edilib və bütün hərbi əməliyyatlar dayandırılıb. Qarabağda atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Lakin onlar burada, sülhməramlı vəzifəsindən daha çox, başqa şeylərlə məşğul olurlar. Hətta erməni uşaqlarına hərbi dərs də, silah atıcılığı da, daha nələr keçirlər.
“Fakt budur ki, onlar öz işlərinin öhdəsindən gəlməyi bacarmırlar”
Məsələyə münasibət bildirən siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, Rusiya sülhməramlılarının bu davranışları yolverilməzdir və onlar bununla öz hədlərini aşdıqlarını göstərirlər: “Fakt budur ki, istər Ermənistanda, istərsə də Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə qalan separatçı-quldur tör-töküntüləri arasında revanşist qüvvələrin qarşısı hələ də tam şəkildə alınmayıb və söz yox ki, burada həmin qrupları maliyyələşdirən, havadarlıq edən dairələr mövcuddur. Sirr deyil ki, bu gün həm Avropada, həm də Rusiyada ermənilərə işləyən çoxsaylı təşkilat və qurumlar mövcuddur və onların əsas hədəfləri Cənubi Qafqaz regionunda söz sahibinə çevrilən Azərbaycan reallığının qarşısını almaqdan ibarətdir. Bu xüsusda artıq rəsmi hərbi müttəfiqimiz sayılan Türkiyəyə qarşı da müxtəlif addımlar atılmaqdadır.
Digər tərəfdən, hətta Ermənistanda kimlərin hakimiyyətdə olun-olmamasına baxmayaraq, anti-türk siyasəti bu və ya digər şəkildə qalmaqda davam edəcək. Çünki açığını desək, yaxud qaba ifadə etsək, onların xəmiri bu cür yoğrulub. Sanki onlar özlərinə qarşı sadizm siyasəti aparırlar və hər dəfə aldıqları ağır zərbələrdən həzz alırlar …
Lakin bütün bunların birdəfəlik qarçısını almağın da tam zamanı çatıb. Gecikmək isə olmaz. Gecikdikcə, Ağdərədə kalonlarımızın qarşısının alınması, Laçında silahlı təxribatların baş verməsi, Kəlbəcər istiqamətində təxribatların davamlı xarakter alması kimi halları tez-tez müşahidə edəcəyik. Bunun üçün isə məhz antiterror əməliyyatlarının başladılmasının vacibliyi, zəruriliyi, yaxud tələbi artır.
Bəli, bu gün revanşistlər Ağdərədə kalonlarımızın yollarını kəsir, atəş hazırlığı üçün mülkilərə təlim keçməyə başlayır, Kəlbəcərdə atəşkəsi pozurlar. Rusiyalı sülhməramlılar erməni uşaqlarına hərbi təlim keçməklə öz mahiyyətlərini ortaya qoyurlar. Bunun isə qarşısı alınmalıdır və yeri gələrsə, Rusiya sülhməramlılarının məsul olduğu işi biz həyata keçirməliyik. Fakt budur ki, onlar öz işlərinin öhdəsindən gəlməyi bacarmırlar”. R.Rəsulovun sözlərinə görə, sülhəməcburetmə əməliyyatları başlamalıdır. Onun dediyinə görə, bugünə qədər üçtərəfli bəyanatın 4-cü bəndi icra olunmayıb və yaranmış problemin əsas tərəfi də budur. “Məhz buna görə digər bəndlərin də realizəsi həll olunmamış qalır. Halbuki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də uzanır.
Əbəs deyil ki, cənab Prezident İlham Əliyev Ağdam və Ağcabədi səfərlərində də Azərbaycanın mövqeyini vurğuladı və qeyd etdi ki, Azərbaycanın bütün maraqları təmin ediləcək. Ermənistən istəməsə də, müqavilənin bütün şərtlərini qəbul edəcək. Bu baxımdan düşünürəm ki, barmaqlar davamlı olaraq tətikdə olmalı və təxribatlara qarşı sərt tədbirlər görülməlidir”- deyə R.Rəsulov qeyd etdi.
İradə SARIYEVA