Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin “istefa” nümunəsi bütün cəmiyyəti şoka salıb. Ramiz Mehdiyev ona edilən istefa çağrışlarının fonunda gah vəzifəsindən getdiyini, gah da görəvinin başında olduğunu deyir. Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirildi.
AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak edib. İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.
Bundan bir gün sonra isə Ramiz Mehdiyev AMEA-nın qabağında ona sual ünvanlayan jurnalistə bildirdi ki, istefa ərizəsini hələ təqdim etməyib. Maraqlıdır, Ramiz Mehdiyevi bu ahıl yaşında vəzifədən belə ikiəlli yapışmağa vadar edən amil nə ilə bağlıdır və burada hansısa xarici amilin rolu ola bilərmi?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ramiz Mehdiyevin dirənişi əbəs yerə deyil: “Hiss olunur ki, o bu davranışları ilə Prezidentin onu qəbul etməsini gözləyir. Ancaq proseslərin gedişi göstərir ki, Prezident də Ramiz Mehdiyevlə görüşmək istəmir. Yəni fakt bundan ibarətdir ki, Ramiz Mehdiyevə bir də orden təqdim olunan gündəki şərait yaradılmayacaq. Ramiz Mehdiyev həmin hadisədən sonra AMEA-ya getməməliydi. Onun sonrakı davranışları barədə Prezidentdə məlumatlar var. Yəqin ki, bütün bunlar Ramiz Mehdiyevə münasibətin dəyişməsinə səbəb olub. Azərbaycanla Türkiyə arasında “Şuşa bəyannaməsi” imzalanandan sonra Rusiyameyilli qüvvələrə ehtiyac azaldı. Onların da başında uzun illərdi ki, bu adam dururdu. Ramiz Mehdiyev hazırda iki vəzifə tutur. Təhlükəsizlik Şurasının üzvü olmaqla yanaşı, həm də AMEA prezidentidir. Hər iki post təyinatlıdır. Onlardan Mehdiyevi yalnız Prezident azad edə bilər. Yəqin ki, ictimai rəyin tam formslaşmasını gözləyiblər. İctimai qınaq ən yüksək səviyyədədir. Bu cür hadisələrin fonunda Mehdiyev yenə dirəniş göstərəcəksə, onda vəziyyətin gərginləşməsində maraqlıdır. Hesab edirəm ki, rəsmi qurumlar bu məsələdə bir qədər konkret mövqe ortaya qoymalıdır”.
Məhəmmədəli QƏRİBLİ