Separatçı Vitali Balasanyanın təşəbbüsü ilə Qarabağda mülki sakinlərin hərbi təlimlərə cəlb edilməsinə hazırlıq gedir. Hərbi təlimlər “atəş hazırlığı dərsləri” adı ilə həyata keçirləck. Təlimlər 2022-ci ilin fevral-may aylarında keçiriləcək. Onlar separatçılara məxsus hərbi bazada təlim keçəcəklər. Atıcılıq dərsləri mülki ermənilərin hərbi bilik və bacarıqlarının artırılması məqsədi daşıyacaq.
O da məlumdur ki, Qarabağın müəyyən hisssəsi Rusiya sülhməramlılarının nəzarətindədir. Müharibənin bitməsindən 15 aydan çox vaxt keçməsinə baxmayaraq, nə 10 noyabr 2020-ci il bəyanatının bir sıra maddələrı həyata keçirilib, nə də Rusiya sülhməramlıları tərəfindən real sülhə doğru addım atılıb. Sülhməramlılar qətiyyətsiz mövqe sərgilədikcə, ermənilərin həyasızlığı artır. Bu günlərdə Tərtərin Suqovuşan yaşayış məntəqəsindən Azərbaycan ordusuna məxsus hərbi avtomobil dəstəsi sülhməramlıların müşayəti ilə Ağdərə-Kəlbəcər yolundan istifadə edərək Kəlbəcər istiqamətində Ağdərədən keçərkən avtomobillərin qarşısını mülki paltarda olan 200-ə yaxın erməni kəsib. Nəticədə yük daşıyan avtomobillərin hərəkətinə imkan verməyiblər. Sülhməramlıların qətiyyətsiz müdaxiləsi nəticəsində hərəkəti davam etdirmək mümkün olmayıb. Bundan başqa, separatçıların səngər qazması barədə məlumatlar var. İndi də kütləvi təlimlərə hazırlıq gedir. Maraqlıdır, Qarabağdakı sülhməramlılar hara baxır və niyə bunların qarşısını almır?
“Çünki indiyə qədər Kremlin Qarabağda yaratmaq istədiyi gerçəklik alınmır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayev hesab edir ki, Rusiya separatçıları himayə etdiyi üçün onlar hərbi təlimlərə hazırlaşır: “Rusiyanın razılığı olmasaydı, onlar buna cəsarət etməzdilər. Əslində Rusiya özü bu və ya digər formada separatçıların davranışlarını motivasiya edir. Çünki indiyə qədər Kremlin Qarabağda yaratmaq istədiyi gerçəklik alınmır. Ona görə də ard-arda müxtəlif təxribat xarakterli hadisələr baş verir. Məsələ ondadır ki, Rusiya ermənilərin Qarabağdan köçməsini önləyə bilmir. Separatçılar əvvəlki kimi böyük ərazilərə nəzarət edə bilmirlər. Bəlli məsələdir ki, orada yaşayan ermənilər perspektiv görmürlər. Ona görə də Rusiya separatçıları dolayı yollarla təşviq edir ki, vəziyyəti istədiyi kimi dəyişsin. Vətən müharibəsindən sonra ermənilərin Rusiyaya inamı azalıb, nifrəti artıb. Bunu görməzdən gəlmək olmaz. O üzdən hesab edirəm ki, Rusiya yenidən ermənilərin etimadını qazanmaqdan ötrü belə təxribatlara şərait yaradır. Əslində 10 noyabr razılaşmasına görə, erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır. Ancaq Rusiya bunu təmin etmir. Niyə? Çünki Qarabağ məsələsinin birdəfəlik həllini istəmir. Ona görə də hərbi təlimlər adı altında erməniləri motivasiya edir. Məqsəd Qarabağdakı erməni icmasını qorumaqdır. Mümkün olacaqsa, orada nəsə yaratmaq. Budur Kremlin məqsədi”.
O baxımdan Əli Mustafayev hesab edir ki, son proseslər təsadüfi deyil.
Vidadi ORDAHALLI