Adətən Birləşmiş Ştatlar bütün vasitələrlə çalışır ki, İran sanksiyaların təsirinə daha çox məruz qalsın. Xüsusən də iqtisadi sahədə embarqolara daha çox önəm verilir. Reallıq ondan ibarətdir ki, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatına ciddi mənfi təsir göstərməkdədir.
Ancaq maraqlıdır ki, ABŞ Azərbaycan vasitəsilə Avropaya enerji daşıyıcılarının ötürülməsi məsələsində fərqli mövqedən çıxış edir. ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger mətbuata açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar İran qazının Azərbaycan vasitəsilə Avropaya ötürülməsinə qarşı deyil: “Azərbaycanın rolu böyükdür, belə ki, Rusiya Ukrayna ətrafında sabitliyi pozur, Avropaya qaz tədarükünü azaldır. Buna görə qaz tədarükünün şaxələndirilməsi üzrə addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü iki dəfə artırmaq potensialına malikdir, amma bu, investisiya və zaman tələb edir. Transxəzər Qaz Kəmərinə gəlincə, bu, Türkmənistan qazının böyük ehtiyatlarını blokdan çıxarmaq və Avropaya çatdırmaq üçün daha bir imkandır. Bunun üçün suveren ölkələrin qərarına və özəl şirkətlərin investisiyalarına ehtiyac var. İran qazına gəlincə, Azərbaycan, İran və Türkmənistan Cənub Qaz Dəhlizi çərçivəsində müəyyən qaz həcminin mübadiləsi haqqında razılıq əldə edib. Biz Avropaya qaz tədarükünün artırılması ilə bağlı istənilən varianta açığıq, çünki onlar hamısı Azərbaycandan keçir. Bu, Azərbaycan üçün də yaxşıdır, ABŞ üçün də yaxşıdır”.
Cənub Qaz Dəhlizi ilə İran qazının tədarükü Amerikanın İrana qarşı sanksiyalarına zidd deyil? Bu dəqiqləşdirici suala cavabda səfir bildirib ki, sanksiyalar bu məsələyə şamil edilmir.
Bütövlükdə sözügedən yanaşma İran və Türkmənistan qazının daha böyük həcmdə Azərbaycan vasitəsilə Avropaya ötürülməsinə nə kimi şərait yaradır?
“Birləşmiş Ştatlar Avropa İttifaqına dəstək olmaqdan ötrü buna qarşı deyil”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, Vaşinqtonun bu məsələdə sərgilədiyi mövqe daha çox İran və Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ötürülməsi perspektivləri açır: “Məlum olduğu kimi, qazla bağlı İran, Azərbaycan və Türkmənistan arasında svop anlaşması imzalanıb. Bunun mahiyyəti ondan ibarətdir ki, Türkmənistan qazı İrana, İran isə bunun müqabilində Azərbaycana ötürür. Həlılik söhbət 2 milyard kubmetr qazdan gedir. Ancaq bu həcmin artacağı istisna deyil. Ona görə ki, Avropanın enerji təhlükəsizliyi məsələsi prioritetdir və ABŞ da bu istiqamətdə dəstək olmağa çalışır. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra qonşu ölkələrin də bundan istifadə etməsi gündəmə gəlib. Yəni Azərbaycanla yanaşı, Türkmənistan və İran da Avropaya qaz ixrac edə bilər. Xüsusən də Türkmənistan qazının CQD vasitəsilə Avropaya ixrac olunması prioritet hesab olunur. Nəzərə alsaq ki, Transxəzər kəməri ilə bağlı konkret qərar yoxdur, o zaman bunun İran vasitəsilə reallaşdırılması gündəmə gəlir. ABŞ da Avropa İttifaqına dəstək olmaqdan ötrü buna qarşı deyil. Hesab edirlər ki, bunun sayəsində Avropanın Rusiyadan qaz asılılığı azalacaq. Bu baxımdan hesab edirəm ki, yaxın perspektivdə İran və Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ixracı artacaq”.
Millət vəkili onu da əlavə etdi ki, Xəzər dənizi Avropanın enerji təhlükəsizliyində daha aktiv rol oynayacaq.
Vidadi ORDAHALLI