Azərbaycan nümayəndə heyətinin fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi gözlənilir. Bu barədə "Joxovurd" qəzeti yazıb.
"Biz Avronest-in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyandan Azərbaycan nümayəndə heyətinin Yerevana gəlib-gəlməyəcəyini öyrənməyə çalışdıq. O qeyd etdi ki, hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin onların gəlmə ehtimalı yüksəkdir", - deyə "Yerevan Today. Rus" qəzetindən sitat gətirilib.
Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevanda keçiriləcək Avronest toplantısına qatılması məsələsindən danışıb.
Deputat bunun ilk dəfə baş vermədiyini söyləyib. Onun sözlərinə görə, Avronest-in Azərbaycan nümayəndələri əvvəllər də Ermənistana səfər ediblər: "İkinci Qarabağ müharibəsindən əvvəl Yerevanda müxtəlif komitələrin iclasları keçirilirdi və orada azərbaycanlı deputatlar da iştirak edirdilər".
"Belə bir səfər qeyri-adi deyil, lakin bu, müharibədən sonra ilk dəfə olacaq. Düşünürəm ki, səfər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq", - deyə millət vəkili bildirib.
Ermənistan tərəfi ilə mümkün pərdəarxası dialoqa gəlincə, Rasim Musabəyov bildirib ki, əgər imkan olsa, Azərbaycan tərəfi bundan istifadə edəcək, baxmayaraq ki, əvvəllər belə dialoqlar nəzərdə tutulmayıb.