“Kəlbəcəri təslim etməklə biz su ehtiyatlarımızın 99 faizini itirdik”. Bunu fevralın 14-də İrəvanda “Qarabağ hidrogeosiyasəti: bu gün və gələcək üçün ekzistensial suallar” kitabının təqdimatı zamanı separatçıların qondarma “xarici işlər naziri” David Babayan deyib.
Separatçıların qorxusu odur ki, Azərbaycan istəsə suyun istiqamətini dəyişə bilər: “Kəlbəcərin təslim olması su ehtiyatları, xüsusən də içməli su baxımından “Arsax” üçün ciddi itki oldu. Azərbaycan artıq Kəlbəcərdə qalan su mənbələri, təbii çay məcralarının dəyişdirilməsi və ya onların Ermənistan və Qarabağ ərazisinə axınını məhdudlaşdırmaq üçün su anbarlarının tikintisi üzərində işləyir. Kəlbəcərin təslim olması ilə, əsas içməli su mənbələrini itirməklə yanaşı, oradan axan çaylar üzərində tikilən kiçik su elektrik stansiyalarını da itirdik. Energetika sektoru çox böyük itkilərə məruz qalıb. Əvvəl biz özümüzü su enerjisi ilə təmin edirdik, hətta böyük həcmdə elektrik enerjisi ixrac edirdik”.
Daha sonra D.Babayan növbəti həyasız təklifini də irəli sürüb: “Düşünürəm ki, çayların mənsəbində beynəlxalq müşahidəçilər olsa, bu, mütləq su təhlükəsizliyinə yeni keyfiyyət verəcək, çünki Azərbaycandan hər şeyi gözləmək olar”.
Görünən odur ki, separatçılar öz mənfur niyyətlərindən əl çəkməsələr də, 44 günlük müharibənin nəticələrinin onlara necə güclü zərbə vurduğunu get-gedə daha çox anlayırlar. Söhbət ondan gedir ki, müharibədə məğlubiyyət nəticəsində onlar təkcə əraziləri, strateji əhəmiyyətli yüksəklikləri deyil, eyni zamanda həyati əhəmiyyət kəsb edən iqtisadi və digər resursları da itirdilər.
“Separatçılar nəinki su mənbələrini, eyni zamanda əkin sahələrini, mineral resursların olduğu əraziləri, meşə massivlərini itirdilər”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, separatçılar bir sıra məqamları indi etiraf edirlər: “Əvvəla, erməni işğalçıları 44 günlük müharibədə hərtərəfli baxımdan uduzdular. Həm hərbi baxımdan, həm də siyasi və iqtisadi baxımdan bunlar məğlub olaraq itirdilər. Üzləşdikləri itkilərin fəsadlarını bundan sonra daha çox hiss edəcəklər. Təkcə su mənbələrinin əldən çıxmasının separatçılar üçün nə demək olduğunu ötən yayda baş verənlər bir daha sübut etdi. Məsələ ondadır ki, ötən il separatçıların kompakt məskunlaşdığı Xankəndidə ciddi su çatışmazlığı problemi özünü göstərdi. Onların su problemi məhz Rusiya sülhməramlılarının yardıımı sayəsində aradan qaldırıldı. Erməni işğalçıları nəinki su mənbələrini, eyni zamanda əkin sahələrini, mineral resursların olduğu əraziləri, meşə massivlərini itirdilər. Hansı ki, 30 ilə yaxın idi Azərbaycanın sərvətlərini vəhşicəsinə talayırdılar. Bununla nəinki separatçıların, eyni zamanda Ermənistanın iqtisadi ehtiyacları təmin edilirdi. Bu baxımdan 44 günlük müharibədə əldə etdiyimiz qələbə təkcə hərbi baxımdan mühüm əhəmiyyət kəsb etmir. Bu həm də siyasi, iqtisadi, psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Söhbət ondan gedir ki, Ali Baş Komandan İlham Əliyevin sayəsində şanlı ordumuz erməni separatizminin belini qırdı”.
Bu baxımdan Vüqar Rəhimzadə hesab edir ki, Xankəndidəki separatçı tör-töküntülər iflasa məhkumdur.
Vidadi ORDAHALLI