Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub. Mərkəzi Seçki Komissiyasının rəsmisi bildirib ki, seçki mart ayının 12-də baş tutacaq.
2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdıməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. O, fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışında dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib. Q.Berdıməhəmmədov böyük həyat və siyasi təcrübəsini nəzərə alaraq, parlamentin yuxarı palatasının sədri kimi fəaliyyətini davam etdirmək istədiyini qeyd edib.
Qurbanqulu Berdıməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdıməhəmmədovun atasının varisliyinə hazırlaması ilə bağlı iddialar var. Prezidentin 40 yaşlı oğlu hazırda Baş nazirin müavinidir. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda çalışıb.
Artıq Qurbanqulu Berdıməhəmmədovun oğlu Türkmənistan prezidentliyinə namizəd kimi irəli sürülüb.Türkmənistan Demokrat Partiyasının növbədənkənar qurultayı zamanı Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Sərdar Qurbanquliyeviç Berdıməhəmmədovun Türkmənistan prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.
Konqres iştirakçıları Türkmənistan prezidentliyinə namizədliyini irəli sürən Sərdar Berdıməhəmmədovun çıxışını dinləyib və dəstəkləyiblər.
Çox gümrah vəziyyətdə olan Berdıməhəmmədovun bu addımı ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bir çoxları qeyd edir ki, türkmənbaşı Qazaxıstanda baş verənlərdən ehtiyat etdiyi səbəbindən belə addım atmalı olub.
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, 2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdıməhəmmədovun prezidentlik müddətinin bitməsinə hələ iki il var: “Aydın məsələdir ki, o, gənc nəsil deyərək əslində ailə üzvlərindən biri, daha dəqiq oğlu Sərdar Berdiməhəmmədovu nəzərdə tutur. Prinsip etibarilə Türkmənistan Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü olan 40 yaşlı Sərdar Berdıməhəmmədov hazırda Türkmənistanda faktiki 2-ci şəxs sayılır.
Bundan başqa, Sərdar Berdıməhəmmədov hələ keçən il baş nazirin müavini vəzifəsinə seçilib. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda da çalışıb.
Ölkə qanunvericiliyinə görə, Sərdar Berdıməhəmmədov yeni prezident seçilə bilər. Belə ki, Türkmənistanda doğulmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son 15 il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı prezident seçilə bilər. Qurbanqulu Berdıməhəmmədov əslində Qazaxıstan ssenarisindən qorxub bu addımı atır. Buna görə də hələ gücü olduğu vaxtda varis planlnı möhkəmlətmək istəyir.
Bu həm də türkmən xalqının başını qatmaq üçün atılan bir addımdır. Yeni prezident türkmən xalqı üçün yeni ümid kimidir. Burada türkmənbaşının hansısa demokratik meylindən söhbət gedə bilməz”.
Məhəmmədəli QƏRİBLİ