“Sülh müqaviləsi olmalıdır, ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır”. Bunu Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib.
Ölkə başçısının sözlərinə görə, otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb: “İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”.
Göründüyü kimi, Prezident bununla çox ciddi mesaj vermiş oldu. Bunun mənası ondan ibarətdir ki, Ermənistanla sülh sazişi imzalansa belə, arxayınlaşmaq olmaz. Yəni demək istədi ki, saziş olsa da, “çomağı yerə qoymaq olmaz”. Maraqlıdır, Prezident “indi bəziləri gələcək barışıq haqqında danışırlar” deyəndə kimləri nəzərdə tutur?
Aydın Quliyev: “Tariximizi, insanlarımızı məhv et, diri-diri yandır, sonra da hansısa avropalının saxta...”
Sözügedən məsələni dəyərləndirən “Bakı-Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, sülh sazişi olsa belə, vəhşilikləri unutmaq olmaz: “Həqiqətən də rayonlarımızda 30 illik bu vəhşiliklərdən sonra hansı barışıqdan söhbət gedə bilər?! Tariximizi, insanlarımızı məhv et, diri-diri yandır, sonra da hansısa avropalının saxta "tolerantizm" çağırışına sadəlövhcəsinə uyaraq ermənilərlə “can bir, qəlb bir” barışığına gedək? Belə şey olar? Elə Prezident də Ağdamda açıq və kəskin mesaj verdi ki, OLMAZ! Prezidentin iki fikrinin bir-birinə bağlılığına baxın. “Bəziləri sabahkı barışıqdan danışır” Prezident sonra deyir: “Təbii ki, sülh sazişi olmalıdır. Ancaq bu vəhşiliklər unudulmamalıdır və unudula bilməz”. Başqa sözlə desək, "çomağı daha heç vaxt yerə qoymaq” olmaz...
Yəni prezident Əliyev açıq dedi ki, vacib saydığımız sülh sazişi və barışıq başqa-başqa şeylərdi, qarışıq salmayın... Cəmiyyətimiz də elə bunu demirmi?...”.
Arzuxan Əlizadə: “Qərb ermənilərin törətdiyi vandallıqları tez bir zamanda unutdurmağa çalışır”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Prezident İlham Əliyev bununla bir sıra böyük dövlətlərə eyham vurdu: “Söhbət ondan gedir ki, bir sıra böyük dövlətlər erməni vandalizmini görməzdən gəlir. İndi onlar istəyir ki, bu kimi məsələləri Azərbaycan xalqı birdəfəlik unutsun. Həm Ermənistanla sülh sazişi imzalansın, həm də iki xalq arasında barışıq təmin olunsun. Sanki heç nə baş verməmiş kimi məsələlərə yanaşırlar. Halbuki, istəsələr belə, bu, deyilən formada mümkün deyil. Niyə? Ona görə ki, Ermənistanın apardığı savaş müharibə qanunlarına uyğun olmayıb. Çünki misli görünməmiş vəhşilik törədiblər. Bunlar necə vəhşi məxluqdular ki, məzarda yatan insanları belə rahat buraxmayıblar. Həm məzarların üstünü dağıdıblar, həm orada dəfn edilən cəsədləri çıxardıblar. Heç faşistlər belə vəhşilik etməyib, amma ermənilər edib. Ancaq təəccüb doğuran məqam odur ki, Qərb ermənilərin törətdiyi vandallıqları tez bir zamanda unutdurmağa çalışır. Biz isə bunu unuda bilmərik. Sülh sazişi imzalansa belə, yaxın tariximizdə baş verən erməni vəhşiliyini görməzdən gəlmək olmaz”.
Vidadi ORDAHALLI