ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər. ABŞ lideri bu sözləri videokonfrans zamanı müttəfiqlərə bildirib.
Sözügedən görüşdə Britaniya, İtaliya, Almaniya, Polşa, Rumıniya liderləri, o cümlədən NATO-nun baş katibi iştirak edib.
Nəşr onu da qeyd edib ki, Vaşinqton Rusiyanın hücumunun həm raket zərbəsi, həm də kiberhücum ola biləcəyini ehtimal edir.
Rusiya ilə ABŞ arasında müharibənin məhz fevralın 16-da başlayacağı ilə bağlı ehtimalı nə dərəcədə doğru saymaq olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məlum görüşdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Rusiya Ukraynanın işğalına hər an başlaya bilər” açıqlamasını verdi. Daha sonra “Politico” nəşri “Bayden videokonfrans zamanı müttəfiqlərə bildirib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər” xəbərini yaydı və geosiyasi təşviş yarandı.
Mümkündür ki, Bayden videokonfransda avropalı müttəfiqlərini anti-Rusiya cəbhəsində birləşməyə razı sala bilməyib və hücumun dəqiq tarixi ilə rus təhlükəsinin miqyasını nümayiş etdirmək istəyirlər. Çünki Fransa və Almaniya Rusiya təhlükəsinin ciddiliyi məsələsində ABŞ-la razılaşmır və Vaşinqton üçün onları inandırmağın yeganə yolu təhlükənin reallığını izah edə bilməkdir. İnformasiyanın yayılması da buna hesablanıb. “Rusiya-Ukrayna müharibəsi niyə başlamır” sualı son günlər daha da aktuallaşıb. Əslində, müasir toplumun tamaşaya və linçə meylli olduğuna dair artıq elmi ədəbiyyatda da tezislərə rast gəlmək olur. Yəni Rusiyanın Ukrayna ilə müharibəsi, hərbi-siyasi olaydan daha çox, qlobal sosial-psixoloji zərurətə çevrilib. Elə buna görə də hər keçən gün “müharibədən uzaqlaşırıq” düşüncəsi əvəzinə “daha şiddətli müharibəyə yaxınlaşırıq” fikri beyinlərə hakim kəsilir. Hətta bəzən elə mənzərə yaranır ki, bu savaşdan könüllü vaz keçən tərəf tamaşa səhnəsini dağıdan sərxoş kimi “daş-qalaq” ediləcək. Bunlar öz yerində, amma həqiqətən də hər keçən günün bizi bu qarşıdurmadan uzaqlaşdırdığı, yoxsa daha qanlı müharibəyə yaxınlaşdırdığı bilinmir. Zaman faktoru ciddi şəkildə əsas silaha çevrilməkdədir.
Bu baxımdan da, deyilən tarixin hücum günü kimi elan edilməsi manipulyasiyadan başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ