Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov gənclərə yol verərək, istefa vermək qərarına gəlib.
Martın 12-dəTürkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə məlumatı ötən gün Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Məsləhətinin iclasında prezident Qurbanqulu Berdməhəmmədov özü verib.
Qurbanqulu Berdıməhəmmədov iclasda öz yerini "mənəvi mühitdə və müasirliyin yüksək tələblərinə uyğun olaraq yetişmiş" gənc liderlərə vermək qərarına gəldiyini bildirib. Onun sözlərinə görə, bu qərarı vermək onun üçün asan olmayıb. Dövlət başçısı qeyd edib ki, iki il əvvəl o, peyğəmbər yaşına (63 yaş) çatıb. Bu barədə məlumatı RBC yayıb.
Ehtimallara görə, onun yeganə oğlu, 40 yaşlı Sərdar növbəti prezident olacaq. İndi Sərdar Berdıməhəmmədov Türkmənistan baş nazirinin müavinidir.
Türkmənistan prezidentinin bu gedişi nəyə hesablana bilər: o, demkratiyaya meyl edir, yoxsa varis planını reallaşdırmaq istəyir?
Ehtimal oluna bilərmi ki, Berdıməhəmmədov Qazaxıstandakı son hadisələrdən qorxduğu üçün belə addımlar atmağa hazırlaşır?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, görünür, Berdıməhəmmədov Qazaxıstan hadisələrindən qorxuya düşüb: “Nazarbayev yaşı 80-nə yaxınlaşanda hakimiyyəti təhvil vermək qərarına gəldi. Daha doğrusu, hər səlahiyyəti əlində saxlayıb, yalnız formal mahiyyət daşıyan prezidentlik postunu təhvil verdi. Seçdiyi namizəd uğurlu olmadı. Səhhətində bir balaca problem yaranan kimi Qazaxıstanda həmin hadisələr törədildi. Berdıməhəmmədov sağlamdır, nisbətən cavandır. İstəyir ki, məhz belə dönəmdə oğlu ilə bağlı varis planını reallaşdırsın. Buna görə də
“demokratik” addım atmaq qərarına gəldi. Təəssüf ki, keçmiş SSRİ respublikalarında belə ənənələr davam edir. Ata Berdıməhəmmədov Türkmənistanı “ağ günə” çıxardı ki, indi də onun oğlu Sərdar “ağ günə” çıxarsın? Türkmənistanda vəziyyət çox pisdir və günü-gündən dəyişir. İnanmıram ki, Sərdar yaxşı nəsə etmək gücündə olsun. Çox yanlış olan bir seçimdir. Bir daha xatırladıram ki, məqsəd Qazaxıstanda baş verən bənzər hadisələrdən sığortalanmaqdır”.
Məhəmmədəli QƏRİBLİ