Son günlər ermənilər sərhəddə yenə təxribatlara əl atmağa başlayıblar. Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib: “Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Maraqlıdır ki, artıq KTMT də bu vəziyyətlə maraqlanmağa başlayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, Qriqoryanla Zas Ermənistanın KTMT-də hazırkı sədrliyi ilə bağlı bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Ermənilərin sərhəd təxribatları maraqlı zamana təsadüf edir. Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırlaşdığını bəyan edəndən sonra ermənilər daha da fəallaşıb. Bu iki hadisə arasında bir rabitə varmı?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər atəşkəsi pozmaqla Ermənistan ordusunun güclənməsi, yenidən formalaşması mifini yaratmaq məqsədi güdürlər: “Bir sözlə, nə zaman Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, sülh sazişinin imzalanması məsələsi gündəmə gəlirsə, ermənilər atəşkəsi pozmağa başlayırlar. Mən hesab edirəm ki, Nikol Paşinyan hələ də Müdafiə Naziliyi sistemindəki opponentlərini və özünə müxalif olan Qarabağ klanını axıra qədər zərərsizləşdirə bilməyib. Bu təxribatların bir qismini də bununla əlaqələndirmək olar. Həmin qüvvələrin Rusiya ilə sıx bağlılığı var. Bu baxımdan Azərbaycanın Avropaya qaz həcmini artırmaq niyyəti də onları dərindən narahat edən məsələdir. Rusiya-Ukrayna münasibətləri daha da gərginləşərsə, Avropa problemlər yaşayacaq. Hətta Moskva-Kiyev əlaqələri nizamlansa belə, Avropanın enerji təhlükəsizliyində problem qalır. Rusiyanın mövcud enerji potensialından Avropaya qarşı təhdid və təzyiq vasitəsi kimi istifadə edəcəyi məlumdur. Yəni Kreml müəyyən sanksiyalara qazla cavab vermək niyyətindədir. Yaxın 10 ildə Avropa Rusiya qazından xilas olmaq üçün həminki mavi yanacaq həcmini tapa, alternativ enerji yarada bilməz. Azərbaycan Avropanın enerji sahəsində əməkdaşlıq hədəflədiyi 3 ölkədən biridir. Bakı ilə əməkdaşlıqda Şərqi Avropa ölkələrinin üstünlük təşkil etməsinin əsas səbəbi isə Cənub Qaz Dəhlizinin mövcudluğudur. Bu baxımdan da Azərbaycanın Avropanın qaz təchizatında rol alması Rusiyanı dərindən narahat edir. Təzyiq vasitəsi kimi erməni pozuculuğundan istifadə etməsi inandırıcıdır”.
Məhəmmədəli QƏRİBLİ